Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizdə kadr islahatlarını uğurla davam etdirir. Prezidentin 2022-ci il 25 iyul tarixli sərəncamları ilə Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçıları təyin edilib. Təyinat münasibətilə yeni icra başçılarını qəbul edən Azərbaycan Prezidenti bir daha ölkəmizdə aparılan islahatların, xüsusən kadr islahatlarının davam edəcəyini qətiyyətlə bildirib və islahatların əsas hədəflərini bəyan edib, yeni kadrlardan gözləntilərini açıq və birmənalı surətdə ifadə edib. Azərbaycan Prezidenti bəzi kadrların, o cümlədən bir neçə rayonun icra hakimiyyəti başçısının onlara göstərilən etimadı doğrultmadıqlarını, işlərində ciddi nöqsanlara yol verdiklərini və üzərilərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiklərini diqqətə çatdırıb. Bir neçə belə icra başçısı məsuliyyətə cəlb olunmuş, barələrində cinayət işi qaldırılmış və məhkəmə hökmü verilmişdir. Rüşvətxorluq və korrupsiya əməllərinə yol verən kadrlara qarşı barışmaz mübarizə aparılır. Cinayət məsuliyyətinə cəlb edilmiş kadrlar və icra başçıları da buna nümunədir. Bununla belə, bəzi məmurlar yenə də qanunsuzluqlara yol verir və dövlətimizin başçısının xəbərdarlıqlarına baxmayaraq köhnə vərdişlərindən əl çəkmirlər.
Pravda.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.
A.Əliyev bildirib ki, qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Prezidenti Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarına və onların simasında digər məmurlara öz tapşırıq və tövsiyələrini verib, mənfi hallara yol verilməməsi, korrupsiya və rüşvətxorluğun bağışlanılmaması barədə bir daha xəbərdarlıq edib. İcra başçılarına verilən əsas tövsiyələrdən biri onların təyin olunduqları rayonların ərazisində, xüsusən kənd yerlərində vətəndaşlarla müntəzəm təmasda olmaq, onların problemləri ilə yerində və yaxından maraqlanaraq həlli istiqamətində çalışmaq idi. Prezident onu da vurğulayıb ki, rayonun imkanları xaricində olan problem və məsələlərin həlli üçün Prezident Administrasiyası, Nazirlər Kabineti və digər qurumlara müraciət edilməlidir. Amma, ilk növbədə, çalışmaq lazımdır ki, problemlər yerində və mümkün qədər rayonun daxili imkanları hesabına həll olunsun. Bu da yerli icra hakimiyyəti orqanlarından işə məsuliyyətlə yanaşmaq və can yandırmaq tələb edir.