“Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı həyata keçirilən islahat zamanında olan islahatdır. Yeni müstəqillik əldə etmiş ölkələrdə Elmlər Akademiyası sisteminin artıq müəyyən institutlarının Təhsil Nazirliyinə verilməsi prosesi olmalı idi. Azərbaycan bunda da yeniliklərini etdi. Elm və təhsil birləşməklə həm təhsilin, həm də elmin inkişafına xidmət edəcək. Bu cəhətdən, cənab Prezident İlham Əliyevin fərmanı, doğrudan da, vacib və yerində olan bir addımdır. AMEA-da çalışan insanlar da elmi fəaliyyətlərini əvvəlki dövrdəki kimi yox, indi daha aktiv şəkildə həyata keçirəcəklər. Elmin ictimaiyyətə tətbiqində bunun xeyri olacaq. Çünki tətbiqi olmayan elmin heç bir əhəmiyyəti yoxdur, kağız parçası kimi bir şeydir. Elm, gərək, hansısa sahələrə tətbiq olunsun. Bu da elmi-tədqiqat institutları ilə yanaşı, ali məktəblərdə aparılır. Həm tələbələrin savadlanmasına, həmçinin ölkənin iqtisadi strukturlarının inkişafına təsir göstərir, elmi əsalarını hazırlayıb ortaya qoyur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat xatırladıb ki, SSR dövründə vahid bir sistem olub, ona görə də 15 respublikanın hər birində Elmlər Akademiyası var idi: “Hərəsi bir sahədə elmin inkişafı ilə məşğul idi. Ümumilikdə, Sovet İttifaqının adından birləşib gedirdi və vahid məhsul ortaya çıxırdı. İndi elə sahələr var ki, orda nə qədər tədqiqat aparsaq da, bizdən irəli gedən böyük dövlətlər mövcuddur. ABŞ, Yaponiya və s. Onilliklərdir bu ölkələrdə tədqiqatlar davam edir. Çox düzgün olararaq humanitar sahəni saxlamaqla qalan institutlar Təhsil Nazirliyinə, o cümlədən muzeylər Mədəniyyət Nazirliyinə verildi. Ən əsas məqam odur ki, AMEA-da çalışan işçilərin sosial müdafiəsi həll olunsun, onların işlə təmini məsələsi kənarda qalmasın. Mərhələ-mərhələ islahatlar getməlidir”.