Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.
Milli Məclisin deputatı Cavid Osmanov Pravda.az-a açıqlamasında deyib ki, hər bir ölkənin gələcək inkişafı, tərəqqisi, müstəqilliyinin qorunması böyüməkdə olan uşaqların və gənc nəsildən asılıdır:

“Bu baxımdan, hər bir dövlət çalışmalıdır ki, böyüməkdə olan nəslin mənəvi və fiziki cəhətdən inkişaf etməsi üçün mühüm addımlar atsın. Azərbaycanda müstəqilliyin ilk illərində - 1991-1993-cü illərdə, yadımızdadır ki, baş verən hadisələr, xüsusən gənclərin siyasi məqsədlər naminə çirkin kampaniyalara sürüklənməsi, onların başlı-başına qalması, əlbəttə ki, gənclərimizə çox böyük mənfi təsir göstərirdi. Onların beyinləri yuyulurdu. Daxildə olan xəyanətkar qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edirdilər. 1993-cü ildən sonra, ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə gəldikdən sonra bu sahədə nizamlı işlər görüldü. Ümummilli liderimizin ən çox diqqət etdiyi sahələrdən biri məhz uşaq və gənclərin mənəvi və fiziki inkişafı oldu. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun əyani sübutudur. Ondan sonrakı mərhələdə, 2003-cü ildən bu günə kimi görürük ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncləri arasında Heydər Əliyevin azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmağa başlanıldı, inkişaf etdirildi. Bunun üçün müxtəlif dövlət proqramları qəbul olundu. Dövlət gənclər siyasətinin qəbul olunması, zaman-zaman bu qanun layihəsinin daha da təkmilləşdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, xaricdə təhsil proqramlarının həyata keçirilməsi, idman tədbirlərinin əhatəsinin genişləndirilməsi, bunun üçün infrastrukturun qurulması, Azərbaycan gənclərinin daha təhsilli, savadlı olmaları üçün ölkə daxilində universitetlərin təkmilləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Məqsəd isə həm Azərbaycan gənclərinin fiziki inkişaf etmələri, həm də öz savadları ilə beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini, haqq səsini çatdırmağa şərait yaratmaqdır. İlk növbədə Vətənə sevgi, sədaqətin nümayiş etdirilməsidir. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə böyüyən gənclərimizin 44 günlük Vətən Müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin şahidi olduq. Bunun da kökündə ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanırdı. Zaman dəyişdikcə bu sahədə yeni baxışlara çox böyük ehtiyac var. Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra gənclərimizin beyinlərini yumaq, onları düzgün yoldan yayındırmaq üçün xarici, xüsusən ermənipərəst dairələr tərəfindən iş aparılır. Əlbəttə, buna da adekvat cavab verilməli, müasir zamanın tələbinə uyğun addımlar atılmalıdır. Radikal dini cərəyanlar vasitəsilə gənclərin beyinlərini yumağa çalışırlar. Bunun qarşısının alınması üçün mühüm addımlar atılır, bundan sonra da atılacaq. İnanırıq ki, həmişə olduğu kimi Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatıdırılmasında gənclərimiz ölkə Prezidentinin ətrafında sıx birləşəcək. 44 günlük müharibədə Azərbaycan Ordusunun əsasını təşkil edən Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir”.
Psixoloq Gülnar Orucova isə bildirib ki, uşaqların fiziki və mənəvi inkişafı kiçik yaşdan etibarən uşaq bağçalarından başlayır:

“Nəzərə alsaq ki, Azərbaycanda hər ailə uşağını bağçaya qoymaq fürsəti tapa bilmir. Çünki bağçalarda yerlər məhdud saydadır. Əsasən, işləyən valideynlərin övladlarını bağçaya götürürlər. Ona görə də bütün uşaqların bağçaya gedə bilməsi ilə bağlı məsələ tez-tez gündəmə gətirilir. Uşaqların fiziki və mənəvi inkişafı bağçada tərbiyəçilər tərəfindən başladılır. Sonrakı mərhələlər isə məktəbdə davam etdirməlidirlər. Bağçada adət-ənənələrimizdən tutmuş, Vətənə, millətə sevgi, dəyər anlayışları aşılanır, milli irsimizlə bağlı olan bayram və matəm günləri xüsusi qeyd olunur. Bu, məktəbdə daha da inkişaf etdirilməlidir, lakin məktəbdə yaradılan şərait yetərli deyil. Bu iş məktəbdə psixoloqun üzərinə düşür. Psixoloqlar isə məktəbdə uşaqların mənəvi inkişafı işini düzgün apara bilmirlər. Gənclərimizin gələcək həyatlarına təsir edən xüsusi məqamlar var. Məsələn, alkoqolizm, narkomaniya, “qadına şiddətə yox” mövzularında seminarlar təşkil etməlidirlər. Bu barədə uşaqların məlumatı olmalıdır. Aşağı yaşlardan mənəviyyatı formalaşdırmaq lazımdır. Əvvəllər uşaqlar üçün istirahət düşərgələri təşkil olunurdu. Valideynlər çox rahatlıqla övladlarını ora buraxa bilirdilər. Düşərgələr uşaqların fiziki, mənəvi inkişafını tam təmin edirdi. İndiki düşərgələr isə o qədər də ürəkaçan deyillər. Elə yüksək məbləğ qoyulur ki, ancaq imkanlı şəxslərin uşaqları gedə bilirlər. Aşağı təbəqə üçün əlçatan olmur”.

