“Bölgələrdə aparılan son struktur və kadr dəyişikliklərinin əsas məqsədlərindən biri də rayonlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaqdır. İslahatlar bölgələrdə investisiya mühitinin daha da yaxşılaşdırılmasını və gizli iqtisadiyyatın minimumlaşdırılmasını hədəfləyir”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, regionlarda yeni, xüsusən də ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması çox vacibdir: “Bu isə bölgələrə daha çox sərmayənin cəlb edilməsi məsələsini daha da aktuallaşdırır. Yeri investisiya qoyluşlarında bank kreditləri xüsusi paya malik olmalıdır. Bununla belə, rəsmi statistika təsdiq edir ki, hələ də banklar bölgələri maliyyələşdirməkdə çox da maraqlı deyillər. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyluşunun 77 faizindən çox yalnız Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Bu həm də o deməkdir ki, sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər”.
