II Milli Yaylaq Festivalında baş verənlərə təəccüblənmək lazım deyildi. Nədənsə, Mədəniyyət Nazirliyi harada başdırsa, orada ya aş olmur, ya da aşın duzu... Hər bir halda “süfrə”dən narazı qalxıb gedirsən.
Təəssüf ki, bu, Mədəniyyət Nazirliyinin təşkil etdiyi ilk bərbad tədbir deyil. Məlum festival ən çox Əbülfəs Qarayevə yaradı, şəninə çoxlu rəhmət oxudular. Yaman unutqanıq. Qarayevlə bağlı sərgüzəştlər də az deyildi. Məsələn, 2017-ci ilin mayın 5-də Bakı Konqres Mərkəzində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səhər 07:00-dan axşam saatlarına qədər ac-susuz qalan jurnalistlər Qarayevə oxuduqları “rəhmət”i yaxşı xatırlayırlar... Anar Kərimov isə öz sələfinin izi ilə gedir. Xarıbülbül Musiqi Festivalında da, KİV nümayəndələrinin Şuşa səfərində də Mədəniyyət Nazirliyinin “analoqu olmayan” təşkilatçılığı dillərdən düşmürdü. Uzağa getməyək, bir neçə həftə öncə Anar Kərimovun Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi jurnalistlərlə görüşündə narazılıq edənlər az olmadı. Ən adi şəhərdaxili kiçik tədbirin belə, təşkilatçılığı bərbad idi.
Bu quruma yeni nazir də gəldi, kadr dəyişikliyi də oldu, amma çifayda... Nə sirdirsə, tapşırılan işin öhdəsindən gəlməyi bacarmırlar. Jurnalistlərin etirazlarından sonra ortaya atılan bəzi “trollar” Vətən Müharibəsini xatırladıb, guya 4-cü hakimiyyəti haqsız çıxarmağa çalışırlar. “Xiyar buterbrodu” məsələsini isə jurnalistlərin görməmişliyi kimi qələmə verirlər.
Vətən Müharibəsindən qalib çıxmış ölkənin adını batıran, dövlət başçısının əməyinə kölgə salan elə bu cür yarıtmaz məmurlardır. İş ölkənin, Prezidentin imicini qorumaq məsələsinə gələndə məlum olur ki, aidiyyəti üzrə çalışan məmurların bəziləri yararsızdır. Baxın, dövlət başçısı 44 günlük Vətən Müharibəsində öndə idi, həm döyüş meydanında, həm də informasiya məkanında. Bu, qələbəni şərtləndirən başlıca amil oldu. Müharibədən sonra isə məmurların fəaliyyətinə diqqət edin…
Bir xalqı, ölkəni dünyada tanıdan ən birinci onun mədəniyyəti, tarixidir. Bu sahə ilə əlaqəsi olmayan səriştəsiz məmurların beynəlxalq əhəmiyyətli mötəbər tədbirləri rüsvay hala salmasına imkan vermək olmaz. Belə tədbirlərə dövlət büdcəsindən ayrılan yüksək vəsait hansısa harınlamış məmurun cibinə niyə sürüşməlidir?
Yaylaq Festivalında yaşanan “unudulmaz anlar”la çoxumuz günlərdir tanışıq. Həmkarlarımızın bəziləri şokdan hələ çıxa bilməyiblər. Lap film kimi festival olub, qorxu filmi... Ən çox yaddaqalan və cavabı tapılmayan incə kadrların üstündən isə keçmək olmaz. Festivalın ilk günü 2 manata satılan plov 2-ci gün ildırım sürəti ilə 5 manata necə qalxdı? “Xiyar” məsələsini bir kənara qoyaq, rəzilliyin ən pik nöqtəsi dağın başında “su ehtiyatı” belə olmayan tualetin ödənişli, 50 qəpik olmasıdır. Maşallah, pul çıxarmaqdan ötrü heç bir sahənin xətrinə dəyməyiblər. Belə çıxır ki, festivala gedən jurnalist əlinə aftafasını da alıb getməli imiş... Yaylaq yox, bu, elə biznes festivalı olub. Xülasə, belə başa düşdük ki, uzaq məsafəli mötəbər tədbirlərə yola salınanda ac qalmamaq üçün Rauf Arifoğlunun yanında getməliyik ki, restoran sahibi bizi tanıyıb, yemək versin...