“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışından sonra Ermənistan Xarici İşlər Nazirliyinə 4 gün vaxt lazım oldu ki, bu çıxışı qavrasınlar və açıqlama hazırlasınlar”.
Pravda.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın şərhində qeyd olunub.
L.Abdullayeva deyib ki, Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev tərəfindən proqram xarakterli çıxış səsləndirilib və həmişə olduğu kimi, bu dəfə də cənab Prezident tərəfindən hər hansı qeydlərə, vərəqlərə baxılmadan bu çıxış təqdim olunub: “Çıxış əsnasında dövlət rəhbəri tərəfindən tarixi faktlara istinad edilərək Ermənistana növbəti dəfə zərbə vuruldu. Burada xüsusilə, 1805-ci il Kürəkçay Müqaviləsinə istinad edildi. Tövsiyə edərdik ki, Ermənistan XİN-i tərəfindən Kürəkçay Müqaviləsi öyrənilsin; hətta bu müqavilə haqqında broşuranın hazırlanması da faydalı olardı. Onların bu müqaviləni yaxından öyrənməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin vaxtını yaxınlaşdırardı. Bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu müqaviləni bir tərəfdən Qarabağ xanı İbrahimxəlil xan, digər tərəfdən isə Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov imzalamışdı. Prezident İlham Əliyevin sözləri ilə desək, Kürəkçay müqaviləsində erməni xalqı/toplumu haqqında bir cümlə belə yoxdur. Prezidentin toponimlərlə bağlı sözləri tam həqiqəti əks etdirir. Bununla bağlı xəritələrə və internet resurslarına baxmaq kifayət ki, Ermənistan tərəfi bu həqiqətlərlə tanış olsun. Məsələn, Yeğeqnadzor, onun əzəli adı Keşişkənddir, Razdan çayı, əzəli adı Zəngi çaydır, Sevan gölü isə tarixi Azərbaycan gölü olan Göyçə gölüdür”.
XİN rəsmisinin sözələrinə görə, Prezident İlham Əliyev öz çıxışında Ermənistanın Respublika Partiyası ilə də bağlı məsələlərə toxunub: “Uzun müddət Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının gerbi faşistlərin gerbi ilə eynilik təşkil edirdi. Ermənistan XİN-in şərhində isə bu məqama yer verilmir və onun üzərindən sükutla keçilir. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrini, bu ölkənin sabiq prezidentlərini istintaqa cəlb ediblər, həbs ediblər. R.Köçəryan bir ildir ki, bir sıra ittihamlarla həbs olunub, S.Sarkisyana qarşı isə korrupsiya ittihamları irəli sürülüb. Əslində bu iki şəxs 1992-ci ildə törədilmiş Xocalı soyqırımına və insanlıq əleyhinə cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bir sabiq prezidentin həbs olunması, digərinə qarşı ittihamların irəli sürülməsi və bundan sonra demokratiyadan danışmaq gülüncdür və ikrah doğurur. Bu günlərdə isə Ermənistan hökumətinin rəhbəri tərəfindən Konstitusiya Məhkəməsinin hakiminə bir bahalı qələmə görə ittihamlar irəli sürülüb və ölkədə ümumxalq referendumu keçirilir. Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət əslində demokratiyaya böyük bir zərbədir.