2 avqust 2022-ci il tarixində Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak məqsədilə Daşkənddə səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
XİN-dən verilən məlumata görə, görüş zamanı, Özbəkistan Prezidenti Azərbaycan Respublikası Prezidentinə ən xoş salamlarını çatdırıb.
Cari ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Prezident Şavkat Mirziyoyev, səfər zamanı əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, bir sıra sahələr üzrə şirkətlər arasında artıq əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, dünən keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Həmçinin bu gün ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb.