BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qisas" əməliyyatı Ermənistanın maraqlarına xidmət edən mühacirləri də ifşa etdi

Dünən - avqust ayının 3-də erməni hərbi biləşmələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi “Qisas” əməliyyatı təkcə hərbi-coğrafi cəhətdən əhəmiyyət kəsb etmir. Bu, həm də Azərbaycanın mühüm siyasi hədəflərə çatmasını təmin edən amillərdən biri oldu. “Qisas” əməliyyatından Ermənistan hakimiyyəti və qisasçı erməni dairələri ciddi nəticələr çıxarmalıdırlar. Artıq ortada nəticələr də var, baş nazir Paşinyan hökumətin bu günkü iclasında Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu bildirib. Ermənistan anlayır ki, tezliklə bütün hərbi birləşmələrini Qarabağdan çıxarmalı olacaq. Müharibənin aktiv fazası bitsə də, ermənilərin təxribatlarından qalmır, Azərbaycan isə onların yeni mövqe tutma – döyüş postları yaratmaq cəhdlərini beşiyindəcə boğur. Qısası, Azərbaycan 2020-ci il 10 noyabr razılaşmasının verdiyi hüquqdan istifadə edir.

 

Ancaq Azərbaycan dövləti təkcə Ermənistanın təxribatları ilə üz-üzə deyil, həm də əslən azərbyacanlı olan və hazırda xarici ölkələrdə yaşayan mühacirlərin davamlı dezinformasiya və təhqirlərinə tuş gəlir.

 

“Qisas” əməliyyatından dərhal sonra özlərini bloger kimi təqdim edən mühacirlər - Tural Sadıqlı və Məhəmməd Mirzəli Azərbaycan dövlətinə qarşı növbəti mənfur çıxışlar ortaya qoymaqla, özlərinin əsl simalarını nümayiş etdirdilər.

 

Məsələn, dünən T.Sadıqlı rəhbəri olduğu “Azad söz” sosial şəbəkə platformasında deyirdi: “Dağlıq Qarabağdakı “Artsax” ermənilərin respublikasıdır”. 

 

İndi təsəvvür edin, Dağlıq Qarabağda qondarma “respublika”nın mövcud olmaması üçün Azərbaycan dövləti 3 min şəhid verdi, status-kvo məhv oldu, 44 gün müharibə apardıq və istədiyimi nəticələri də əldə etdik. Hazırda ermənilərin özləri həmin ərazini qorxularından respublika adlandıra bilmirlər. Həmçinin, Ermənistanın özü “Artsax”ı respublika kimi tanımır. Amma T.Sadıqlı bildirir ki, biz istəsək də, istəməsək də, ora ermənilərin respublikasıdır. Bu adamların erməni maraqlarına xidmət etdiyini, vətən xaini olduqlarını isbatlamaq üçün daha hansı çıxışların şahidi olmalıyıq!?

 

 

Yaxud Məhəmməd Mirzəli... Dünənki çıxışında Azərbaycan hərbi kolonlarının videosunu paylaşaraq Ermənistan xüsusi xidmət orqanlarını informasiya ilə təmin edir. Bildirir ki, Azərbaycan hərbi maşınları Qazax istiqamətində toplanır. Sanki bu şəxslər sələflərinin yolunu davam etdirməyi xüsusi öhdəlik kimi üzərlərinə götürüblər. Vaxtilə AXC-Müsavat hakimiyyətinin ordu sıralarında mühüm vəzifələr tutan funksionerləri Azərbaycan hərbi birləşmələrinin dislokasiya yerlərini videoformat şəklində ermənilərə ötürüb əvəzində pul alırdılar. İndi həmin şəxslər də xaricdə oturub Azərbaycana qarşı hədyanlar yağdırmaqla məşğuldurlar.

 

Hesab edirik ki, hazırda Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar pozitiv müstəviyə daxil olandan sonra dövlət mühacirlərlə bağlı konkret addımlar atmağı qərarlaşdırmalıdır. Çünki bu şəxslərin fəaliyyəti təkcə ayrı-ayrı məmurların, onların ailə üzvlərinin təhqir olunmasına yönəlməyib, onlar həm də Azərbaycanın təhlükəsizlik, milli müdafiə məsələlərini hədəfə alıblar. Və erməni maraqlarına xidmət etdiklərini də açıq şəkildə etiraf edirlər. Söyüşcül, düşmən xüsusi xidmət orqanlarına “şpiyonluq” edən mühacirlərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi mənəvi terrorun qarşısı birmənalı şəkildə alınmalıdır. 

 

Samir Feyruzov

 

Tarix: 4 Avqust 2022, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin