BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayev: “Azərbaycanın Londondakı səfiri, nə də səfirin işçiləri “Brüs Li”, “kon-fu” ustasıdır”

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

 

Onlar səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

 

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Qeyd edək ki, Londonda Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini “Mehdi mücahidləri” deyilən şiə qruplaşması öz üzərinə götürüb. Küveyt əsilli olduğu deyilən bu qruplaşma 2008-ci ildə Londonda yaradılıb.

 

Bu hadisə Azərbaycana qarşı ciddi təxribat kimi qiymətləndirilir. Baş verən hadisə ilə bağlı müxtəlif fikirlər səslənir, bunun Azərbaycana mesaj olduğu deyilir.

 

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebhe.info-ya açıqlamasında Azərbaycanın Londondakı səfirliyinə xaincəsinə edilən hücumu qətiyyətlə pisləyib: “Bu hücumun arxasında dayanan qüvvələri, dövlətləri, kimdirsə, hansı dinə, təriqətə mənsubdursa, qətiyyətlə pisləyirəm. Bu, yalnız Azərbaycana verilən mesaj deyil, həm də Böyük Britaniyaya qarşı atılmış addımdır. Ümid etmək istəyirəm ki, Britaniya polisi onların cavabını layiqincə verəcək. Təəssüflər olsun ki, dünənki hadisədə Britaniya polisində o qətiyyət yox idi. Çox çaş-baş qaldım ki, nəyə görə polis dayanıb baxır, onlar isə oradan bayraq yelləyir, dini şüarlar səsləndirirlər. Bəlkə onların üzərində bomba var idi və onlar eyvanda fikir yayındırmaqla başqa iş görürdülər? Bəlkə orada olan bizim diplomatlarımızın həyatı təhlükədə idi? Bütün bunlar çox ciddi suallar doğurur. Əminəm ki, Azərbaycan hökuməti və xalqı o xainlərin cəzasını verəcək. Azərbaycan buna çox ciddi cavab verməli, qətiyyətini göstərməlidir. Bu hücumun arxasında kim dayanırsa, ortaya çıxacaq və biz onu qətiyyətlə pisləyəcəyik”.

 

Deputat əlavə edib ki, Böyük Britaniyanın mərkəzində əlini-qolunu sallayaraq gəzən radikal dini qruplaşma elə Londonun özü üçün ciddi təhdid yaradır:

 

“Əgər Londonun mərkəzində belə rahat hərəkət edə bilirlərsə, belə çıxır ki, onlar terror aktları törədə, metronu da partlada bilər. Onlar terrorçudur. Azərbaycanın atributunu təhqir etdilər. Bu, dözülməz hal olmaqla yanaşı, həm də Azərbaycan dövlətçiliyinə təhqir idi. Bu baxımdan bütün bunlara lazımi hüquqi cavab veriləcək”.

 

Razi Nurullayev Londondakı Azərbaycan səfirliyinə edilən hücumla bağlı sosial şəbəkədə yazılanlara da münasibət bildirib:

 

“Sosial şəbəkələrdə yazılanlardan belə hiss etdim ki, bəziləri səfirliyimizdə olan diplomatları, təhlükəsiz xidmətini günahlandırırlar. Yazırlar ki, onlar harada idi, hara baxırdılar? Amma bu yanaşmanı çox təhlükəli və anlaşılmaz hesab edirəm. Orada diplomat dili ilə mübarizə aparır. Azərbaycanın Londonda olan nə səfiri, nə də səfirin işçiləri “Brüs Li”, “kon-fu” ustasıdır. Onların vəzifəsi döyüşmək deyil, diplomatik mübarizə aparmaqdır. Onlar doğru edib sakit qaldılar. Diplomatların hərəkətlərini düzgün qiymətləndirirəm. Səfirlikdə isə onlarla mühafizəçi olmur, yəqin ki, bir-iki nəfər olublar. O qüvvənin qarşısında bir-iki mühafizəçi nə edə bilər? Mühafizəçilərin işi qapını bağlamaq, lazımi yerlərə məlumat vermək, diplomatları qorumaqdır. Onların vəzifəsi terrorçularla güləşmək deyil. Bu məsələləri bilmədən, məsələ araşdırılmadan diplomatları hədəfə almağı insanlarımıza yaraşdırmıram. Bizim hədəf alacağımız qüvvə bu cinayəti törədənlərdir”.

Tarix: 5 Avqust 2022, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin