Radikal dindarların Londonda səfirliyimizin binasına hücumu Azərbaycan dövlətinə qarşı hücum idi. Şübhəsiz ki, dövlət bu hücumu və təhdidi aradan qaldırmaq gücündədir və bunu edəcək də. Amma hadisə zamanı bəzi məqamlar xüsusilə diqqət çəkdi, həm də təəssüf doğurdu...
“Mehdinin xidmətçiləri” səfirliyimizin binasını faktiki ələ keçirmişdilər, bayrağımızı təhqir etmişdilər, lakin nə səfirimiz Elin Süleymanov, nə də səfirliyin hansısa əməkdaşı üçrəngli bayrağımızı onların əlindən almaq, yaxud buna qarşı çıxmaq üçün heç bir cəhd etmədi. Təbii ki, təhlükəsizlik məsələsi nəzərə alınmalıdır, lakin Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətin edilməsinə seyrçi qalmaq da qəbuledilməzdir. Hər kəsin gözü təbii olaraq səfir Elin Süleymanovu axtarır, heç olmasa hadisədən sonra ortaya çıxmasını gözləyirdi. Amma səfir nə hadisə zamanı, nə də sonrasında görünmədi, sanki qeybə çəkilmişdi.
Axtardıq və öyrəndik ki, səfir Elin Süleymanov Londonda yox, Bakıdadır. Səbəbi bəlli deyil, istisna deyil ki, Elin Süleymanov tətilə çıxıb. Hərçənd ki, son dövrlər radikal dindarların Azərbaycana qarşı çağırışları belə bir hücumun ola biləcəyi ehtimalını da yaratmışdı. Yaxud da Elin Süleymanov bir diplomat kimi hadisələrin mümkün inkişafını az da olsa proqnozlaşdıra bilərdi. O isə Londondakı səfirliyimizə hücum ediləndə Bakıda idi və nə etdiyi də bilinmir.
Səfir deyə bilər ki, belə bir hücum nadir baş verə biləcək hadisədir və həmin vaxtı orada olmaması normaldır.
O zaman sual yaranır, bəs hücumdan sonra Elin Süleymanov missiyasının başına niyə qayıtmır?
Axı hücum edilən bina onun rəhbərlik etdiyi səfirlik binasıdır, hücuma məruz qalan səfirliyin əməkdaşlarına o rəhbərlik edir, təhqir edilən bayraq onun səfiri olduğu ölkənin bayrağıdır.
Elin Süleymanov hadisə olan kimi dərhal Londona getməli, işinin başında olmalı, endirilən bayrağımızı öz əlləri ilə yenidən ucaltmalı idi.