“İtalya Nazirlər Kabinetinin 9 mart tarixli qərarı ilə bütün respublikanın Covid-19 virusu ilə əlaqəli 1-ci dərəcəli fövqaladə hal elan edilməsi və komendant idarə üsulunun tətbiqinə başlanmasının ardından, mart ayının 12-də Romadan Bakıya yola düşdük. İtalyada ağırlaşmış həyat şərtləri bizlərdən xüsusilə tələbələrdən yan keçmədi. Psixoloji, maddi və mənəvi çətinliklər ilə üzləşdik və vətənə qayıtmağa qərar verdik. Beləliklə, hava limanında bizim İtalyadan gəldiyimizi öyrəndikləri zaman bizi həkim müayinəsindən keçirib, soyuq münasibət və gərginlik içində karantinə göndərdilər. Gözlədiyimiz münasibətin əksini görmək bizi çox məyus etdi. Hərçənd ki, İtalyada yaşadığımız gərgin vəziyyətdən sonra öz ölkəmizdə isti və doğma münasibətə həqiqətən çox ehtiyacımız var idi. Təəssüf ki, reallıq belə olmadı”.
İtaliyadan koronavirusa görə qayıdan tələbə: “Çox məyus olduq” - FOTO
Pravda.az xəbər verir ki, İtaliyadan koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycana dönən tələbələrdən biri Ayşən Əsədzadə deyib.
“Cəlilabad Mərkəzi Xəstəxanasına gedərkən, yol boyu bu münasibətin orada da davam edəcəyindən narahatlıq hissi keçirirdik. Palatamıza yerləşdirilənə qədər bu hiss davam etdi. Əslində bu postu yazma səbəbim məhz xəstəxanada bizə göstərilən münasibət oldu. Sadalananlardan fərqli olaraq, xəstəxanada çalışan bütün səhiyyə işçilərinin bizə göstərdiyi xoş və qayğıkeş münasibət, keçirdiyimiz narahatçılığı xeyli azaltdı. Bu gün artıq karantinin 2-ci günüdür və bizə göstərilən diqqət və qayğıdan dolayı, nəhayət ki, özümüzü həqiqətən də evdə hiss etməyə başladıq. Baş həkim Elnur Azadxanov başda olmaqla, məsul həkim Mərifət Səmədli və adlarını bilmədiyimiz bütün həkim və səhiyyə heyətinə sonsuz təşəkkürümüzü bildiririk. Onu da xüsusiylə qeyd etmək lazımdır, qlobal epidemiyanın yaratdığı gərginlik zəminində, stresli iş mühitində səhiyyə işçilərimizin humanist və mehriban rəftarlarını qoruya bilməsi olduqca təqdirəlayiqdir” – Ə.Əsədzadə qeyd edib.