Avqustun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə çıxışına başlayan nazir Ceyhun Bayramov, hal-hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini vurğulayıb. Münasibətlərin strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlarımıza xidmət edən birgə səylərimizin, ölkələrimizin müxtəlif beynəlxalq platformalarda bir-birinə göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən işğalı zamanı həyata keçirilmiş vandallıqlar barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan, bərpa və quruculuq işlərindən bəhs edib. Ermənistanın Üçtərəfli Bəyanatlara zidd fəaliyyətləri və bölgədə son təxribatlar barədə iştirakçılar məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov tərəfindən bununla yanaşı, ASALA və digər erməni terror təşkilatları tərəfindən şəhid edilən Türk diplomatlarının və ailə üzvlərinin əziz xatirəsi yad edilib və bölgəmizdə nifrət dolu ideologiyalara yer olmadığını bildirib.