Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov müsahibə verib.
Pravda.az həmin müsahibəni təqdim edir:
- Cənab səfir, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırdılar, radikal dini şüarlar səsləndirdilər. Bildiyimiz qədər siz hadisə baş verən zaman səfirlik binasında olmamısınız. Bəs, hadisədən necə və nə zaman xəbər tutdunuz?
- İstər diplomatik korpuslarda, istərsə də dövlət qurumlarının əksəriyyətində əməkdaşlar əsasən avqust ayında məzuniyyətə çıxırlar. Əslində səfirliyin əməkdaşlarının əksəriyyəti məzuniyyətdə idi. Həmin anda səfirlikdə yalnız 4 nəfər şəxs çalışırdı. Hücum vaxtı isə 3 nəfər səfirlik binasında idi, bunlardan biri xanım əməkdaşımız olub. Mən özüm Bakıda idim. Hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi, dərhal Londona qayıtmışam.
“Əsas qınaq bu hücumu törədənlərə yönəldilməlidir”
- Sosial şəbəkələrdə səfirlik əməkdaşları qınaq obyektinə çevrilib. Belə ki, onların radikal dini dəstənin öhdəsindən gələ bilmədiyi, habelə Azərbaycan ərazisi sayılan səfirliyi qoruya bilmədikləri kimi ittihamlar səsləndirilir. Bu ittihamlara münasibətiniz necədir?
- Səfirlik əməkdaşları bütün təhlükəsizlik protokollarına riayət etməlidir. Bu protokollar belə bir hücum qarşısında hansısa təmas və ya qarşıdurma yaratmaqdan çəkinməyə çağırır. Üç nəfər diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub, səfirlikdə olan vacib sənədləri qoruyub və bir saata yaxın binadan çıxmayıblar. Yəni onlar təhlükəsizlik protokoluna uyğun davranıblar. Bu, özü-özlüyündə böyük bir işdir. Diplomatlar yalnız xüsusi polis əməliyyatı nəticəsində binadan çıxa biliblər. Əməkdaşlarımız böyük stress keçiriblər. Heç bir diplomat belə bir stress keçirməməlidir. Onlar mülki şəxslərdir və mən əslində çox şadam ki, onlara heç bir xəsarət almayıb. Bir səfir kimi əsas prioritet odur ki, bizim vətəndaşlarımız, diplomatik heyətimiz heç bir xəsarət almasın, onlara ziyan dəyməsin.
Hücum zamanı müvəqqəti işlər vəkili olan Rəşad Vahabzadənin prioriteti də o idi və onlar tam şəkildə qaydalara, təhlükəsizlik protokoluna uyğun davranıblar. Əməkdaşlarımızın belə bir hücuma məruz qalmağı qəbuledilməzdir. Çox narahatam ki, belə bir hadisə baş verib. Bizim diplomat da xalqın övladıdır, vətəndaşıdır. Onlar az qala terror aktının qurbanı ola bilərdilər. Azərbaycanın bir diplomatı girov götürülsə, ona nəsə olsa, bu daha dərin problem ola bilərdi.
Belə bir hücumu edənlər Azərbaycana qarşı düşmənçilik hissi olan şəxslərdir və əsas qınaq onlara yönəldilməlidir. Böyük təzyiq və stress altında qalan diplomatlarımız hədəfdə olmamalıdır, bu vəhşi hücumu keçirənlər hədəfdə olmalıdır.
“Hazırda səfirliyin qarşısında polis postu qurulub”
- Hadisədən sonra səfirlikdə təhlükəsizlik tədbirləri artırılıb? Bakıdan və ya Londondan əlavə mühafizəçilər cəlb edilib?
- Aydındır ki, bu presedenti olmayan hadisədir. Biz britaniyalı həmkarlarımızla intensiv təmasdayıq və müzakirələr aparırıq. Səfirliyin qarşısında hazırda polis postu qurulub. Lakin bu nə qədər davam edəcək, hələlik bilinmir. Əsas məqsəd odur ki, təhlükəsizlik mühiti yaransın.
"Onlar çox mütəşəkkil şəkildə, üç qrup halında gəliblər. Görünür ki, bir müddət səfirliyi izləyiblər. Bəlkə də bilirdilər ki, səfirlikdə əməkdaşların sayı azdır. Bəlkə bilirdilər ki, avqust ayında əməkdaşlar məzuniyyətə çıxır"