Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Milli Məclisin deputatı Elman Nəsirovun idman zalından sosial şəbəkələrdə paylaşdığı fotosu ciddi reaksiyalara və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri millət vəkilinin əzələlərini süni şəkildə şişirtdiyini və protein tərkibli dərmanlardan istifadə etdiyini qeyd ediblər. Məsələ ilə bağlı Demokrat.az deputat Elman Nəsirovun fikirlərini öyrənib.
Millət vəkili açıqlamasında proteindən heç vaxt istifadə etmədiyini vurğulayıb: “Bu fotomun sosial şəbəkələrdə belə reaksiya doğuracağını hesablamamışdım. Ümumiyyətlə, idmanı çox sevirəm. İlk dəfə idmanla məşğul olmağa Bakı Dövlət Universitetində oxuyarkən başlamışam. Yəni, o zamanlar trenajor zallarına gedirdim. Son 5 ildə isə üzgüçülüklə məşğul oluram. Lakin pandemiyanın olması səbəbindən bir müddətlik buna ara verdim. Vəziyyət yaxşılaşdıqdan sonra isə həm trenajor, həm də ki, üzgüçülüklə bağlı prosesləri davam etdirməyə başlamışam. Təxminən gün ərzində 2 saat idmanla məşğul oluram.
Sosial şəbəkə istifadəçilərinə üzümü tutub demək istəyirəm: bir özləri fikirləşsinlər ki, gün ərzində boş yerə nə qədər vaxtlarını sərf edirlər. Bir onun hesabatını aparsınlar. Görəcəklər ki, saatlarla klaviratura arxasında ona bir söz yazırlar, buna bir söz yazırlar. Onunla, bununla bağlı qanunazidd hərəkətlər edirlər. Yəni, çox dərinə getmək istəmirəm. Ancaq bunun qarşılığında saat yarım vaxt ayırmaq lazımdır.
Biz deputatlar fəal həyat tərzi keçiririk. Bir sıra tədbirlərimiz olur, seçiçilərimizlə görüşürük və sair. Bəzən fəal həyat tərzinə orqanizm dözmür. İnsan çox yorulur, əzgin olur. Belə olduqda hər zaman idmana vaxt ayırıram. Demək olar ki, səhər tezdən idmanla məşğul oluram. Üzgüçülüyə həftədə üç dəfə - səhər, tezdən gedirəm, həmçinin trenajora da həftədə üç dəfə gedirəm. Üzgüçülüyə səhər saat 7-8 arası gedirəm. Yəni, tənqid edən “dostlar”ım yatan vaxtı mən saat yarım idmanla məşğul oluram. Onlar yemək yeyəndə mən artıq idmandan qayıtmış oluram”.