BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçında Xocalı canisi azərbaycanlı hərbçilərlə birgə? - “Bu, qəbuledilməzdir”

İki gün öncə Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər. Bu barədə erməni mediası Qarabağ separatçılarına istinadən xəbər yayıb.

 

Məlumata görə, onları Qarabağın qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan müşayiət edib. “Aravot” qəzeti yazıb ki, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Eyni mənbə bildirir ki, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisi ilə də tanış olub.

 

Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin qrupuna daxildir. O, 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamında iştirak edib. O zaman sual yaranır: azərbaycanlı hərbçilər gerçəkdənmi Xocalı canisi ilə birgə monitorinq aparıblar, yoxsa hələlik bu ermənidən cari maraqlarımız üçün istifadə qərarı verilib? Belə bir monitorinq hansı zərurətdən doğub?

 

Bəzi bilgilərə görə, Balasanyan separatçı rejimin rəhbərliyi ilə yola getmir, onların arasında ciddi fikir ayrılığı yaşanır. Bunu da qeyd edək ki, Azərbaycan tərəfi birgə yoxlama haqda rəsmi informasiya yaymayıb. Dəqiq olan budur ki, ermənilərə Laçın şəhəri və Zabuxu boşaltmaq üçün avqustun 25-dək vaxt verilib.

 

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, qondarma qurum tərəfindən verilən açıqlamalara reaksiya verilməməlidir: “Biz o qurumu münaqişədə tərəf kimi tanımırıq. Belə monitorinq keçirilibsə, bunu doğru hesab etmirəm. Azərbaycan problemin həllində, o cümlədən Laçının boşaldılması, Qarabağdan erməni separatçılarının çıxarılmasında tərəf kimi Ermənistan və Rusiyanı tanıyır. Odur ki, Vitali Balasanyanın özünü vacib fiqur kimi təqdim etməsi məqsədilə yayılan bu məlumatın doğru ola biləcəyini ehtimal etmirəm”.

 

Millət vəkili Hikmət Babaoğlunun fikrincə, azərbaycanlı hərbçilərin Laçın və Zabuxda ermənilərlə birlikdə monitorinq aparması mümkündür: “Bu, situativ  zərurətdir. Ermənilər üçtərəfli bəyannamənin  tələblərinə uyğun olaraq  Laçın şəhəri və ətraf kəndləri alternativ yol hazır olan kimi tərk etməli idilər. Biz 10 noyabr 2020-ci il bəyannaməsinin Kəlbəcər və Ağdamla bağlı hissəsinin icrası zamanı erməni barbarlığı və  mina terrorunun  şahidi olmuşuq. Onda Azərbaycanın humanist addımlarına ermənilər terrorla cavab verdilər. Hələ də mina terrorundan əziyyət çəkirik. Günahsız insanlarımız ermənilərin xaotik olaraq basdırdıqları minaların qurbanlarına çevrilirlər. Ona görə də eyni vəziyyətin Laçında da təkrar olunmasına yol verə bilməzdik. Evlərimizin təkrar-təkrar yandırılması, ərazilərimizin minalanması yolverilməzdir. Bunların baş verməməsi üçün indiki şərtlər daxilində mümkün olanı etmək lazımdır. Çox güman hərbçilərimiz bunu ediblər”.

 

Millət vəkili deyir ki, Azərbaycanın cinayətkarların cəzalandırılması ilə bağlı mövqeyi birmənalıdır:  “Belə bir hadisənin olub-olmamasını biz yalnız rəsmi qurumlarımızın açıqlamalarından öyrənə biləcəyik. Ancaq indiki vəziyyətdə belə məsələlər haqqında informasiyaların rəsmi qurumlar tərəfindən ictimailəşdirilməsinin maraqlarımıza uyğun olub-olmaması da yenə onların verəcəyi bir qərardır. Ancaq bir məsələ hamımız üçün çox aydın və prinsipialdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan qanunlarını pozan, xalqımıza qarşı cinayət törədən hər bir cinayətkar, separatist, yaxud terrorçu yerli hüquqi imkanlarımız və beynəlxalq hüquq çərçivəsində mütləq cəzalandırılmalıdır. Vitali Balasanyan da Azərbaycana qarşı hərbi cinayət törətmiş, terrorizmin ən qəddar formalarını dinc əhalimizə qarşı tətbiq etmiş canilərdən biridir. Ona görə də hazırda onun necə davranması, yaxud harada hansı statusla iştirak etməsi  heç nəyi dəyişmir. Azərbaycan xalqa qarşı cinayət törədənlərin hər birini mütləq şəkildə cəzalandırmaq məsələsində prinsipial və dəyişməz mövqeyə sahibdir”.

 

Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli qeyd edib ki, terrorçu olmasa da, Vitali Balasanyan Birinci Qarabağ müharibəsində savaşmasa belə, indiki qondarma “Artsax” terror təşkilatının “rəsmisidir”, buna görə də onun Azərbaycanın generalları ilə bir araya gəlmə ehtimalı inandırıcı görünmür: “Belə bir monitorinqin baş tutması dövlətimiz üçün mənfi hal hesab oluna bilər. Ümid edirəm ki, bu baş verməyib. O zaman belə çıxır ki, sabah Araik Arutyunyanla yüksək statuslu dövlət rəsmisi monitorinq aparacaq? Bu, qəbuledilməzdir. Ələlxüsus da Xocalı faciəsində əli qana batan, Azərbaycan prokurorluğunun ittiham etdiyi terrorçunun, caninin Azərbaycan hərbçiləri ilə birgə monitorinq aparması orduya utanc gətirə bilər. Laçın, Zabux boşaldılsa belə, bu, doğru deyil. Rus sülhməramlıları ilə monitorinq aparılsın. Əlisilahlı erməni hərbçi qalmamasını tələb etdiyimiz bir zamanda generallarımız onlarla birgə necə monitorinq apara bilər? Türkiyə Suriyada Rusiya ilə birgə monitorinq aparır. Ümid edirik, qısa zamanda bu xəbərlə bağlı açıqlama, yaxud təkzib olar”.

Tarix: 12 Avqust 2022, 22:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin