Kirayə mənzil bazarında ciddi qıtlıq yaşanır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə “Kirayə mənzil yoxdur” elanları vurublar.
Rieltorlar deyirlər ki, qıtlığın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır. Digər səbəb isə tələbə faktorudur. Artıq tələbələr əvvəlki illərdəki kimi kirayə qaldıqları mənzilləri yay aylarında təhvil vermirlər.
Uzun illərdir rieltorluqla məşğul olan Həşim Qədirov bildirir ki, bazarda kirayə mənzil təklifi az olduğundan qiymətlər də günü-gündən artır. İndi mərkəzdənkənar sayılan Sabunçu, Yasamal, Xətai və Nizami rayonlarının bəzi ərazilərində 300 manatdan aşağı ev yoxdur.