Cəmiyyətin ziyalı probleminə, daha doğrusu, formaca ziyalı, məzmunca güruh qırığı olan bir hissənin oynadığı obraza növbəti dəfə qayıdıram. Allah bilir ki, neçənci dəfədir təkrar edirəm: Azərbaycan yenilənib, tam təzə mahiyyətə keçib!
Sizin uzun müddət yaşadığınız mühafizəkar ağsaqqal-ağbirçək ənənələri mövcud tərbiyəsizliklərlə mübarizə aparmağa kifayət etmir! Məsələn- özünü ən sonuncu yola qoymuş əyyaş yazıçıya “dostum” deyə müraciət edən ədəbiyyat məmuru anlamalıdır ki, etdiyi hərəkət sadəcə mənəviyyat separatizmidir. Dövlətin mənəvi ərazi bütövlüyündən öz cılız ərazisini ayırmaqdır. Uzağı “Ayağının altında ölüm, nə edirsən et, bircə məndə işin olmasın!” priyomudur.
O əyyaş da təbii ki, cibinə basılan 3-5 manat müqabilində “dostu”nu təhqir etmir. Yalnız bir müddət!!! Sonra onun da vaxtı gələcək! Və ya sosial şəbəkələrdə özünü şirin salmaq üçün guya demokratiya, media azadlığı, söz azadlığı müdafiəçisi rolunda çıxış edən bir psevdoziyalı anlamalıdır ki, indi qoruduğu sadəcə əxlaqsızlıqdır, dövlət düşmənşiliyidir.
Azərbaycan Dövləti indi sosial şəbəkələrin xaotik informasiya həmlələri ilə qarşı-qarşıyadır. Bu həmlələri mən terror aktları adlandırıram. Mənəvi terrorçuluqdur bu! Dövləti, onu idarə edənləri, cəmiyyətin dövlətçi cinahını hədəf alan mənəvi terrorçular məhz belə “ziyalı” tipinin dişsizliyinə güvənərək daha cəsarətli olurlar.
Ona görədir ki, məsələn, Finlandiyada rəqəmsal inkişafın, ABŞ-da dünyanın idarə oıunmasının, hətta İran İslam Respublikasında əsas ideologiyanın mühüm aləti olan sosial şəbəkələr Azərbaycanda əsasən destruktivlik və qaragüruhçuluq, populist-bəsit-cahil “təfəkkürün” at oynatdığı, daha doğrusu eşşək arabası ”cövlan etdirdiyi” əraziyə dönüb. Azərbaycana qarşı virtual vətəndaş müharibəsi elan etmiş çirk və çirkab zümrəsi ilə mübarizədə Hüquq Mühafizə orqanlarının prinsipial addımlarını dəstəkləmək əvəzinə, onları da “bizimkimi ol! dişsiz ol” fəlsəfəsinə dəvət etmək ziyalılıq deyil, fərarilikdir! Hərbi sirr yaymaq media azadlığı deyil, xəyanətdir!