Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir Adem Muhammed Mahmud etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Münasibətlərimizin yaxşı tarixə malik olduğunu bildirən dövlətimizin başçısı hazırda ikitərəfli səviyyədə müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün də mövcud imkanlardan istifadə edilməsinin önəmini vurğuladı.
Səfir Adem Muhammed Mahmud Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdenin və Baş nazir Abiy Əhməd Əlinin salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Efiopiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.