"Azərbaycan Ermənistana çoxdan yerini göstərib. Cənab Prezidentin buyurduğu kimi "dəmir yumruq" da hər zaman yerindədir. Buna görə də, Ermənistanın başbilənləri ağıllarını başlarına yığmalı və 2020-ci ilin noyabr ayında qəbul olunmuş üçtərəfli Bəyannamənin bütün tələblərini yerinə yetirməlidirlər".
Pravda.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan daim beynəlxalq hüquqa çox böyük hörmətlə yanaşıb: "Bunun nəticəsi olaraq deyə bilərik ki, Azərbaycan bugünədək üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Onu da qeyd edim ki, Azərbaycan, dövlət başçıları arasında imzalanmış üçtərəfli bəyanatlara hər zaman hörmətlə yanaşıb. İndi biz gözləyirik ki, Ermənistan da öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Biz həmişə Ermənistan tərəfinə öhdəlikləri yerinə yetirməli olduğunu demişik. Amma cənab Prezident bunu niyə təkrarlamalıdır?! Bu, Ermənistanın borcu və öhdəliyidir, ona görə də, dərhal yerinə yetirməlidir. Hesab edirəm ki, onlar bunu yerinə yetirəcəklər və başqa cür də ola bilməz, sadəcə uzadırlar".