Avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana baş tutan rəsmi səfəri ciddi və tarixi qərarlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Qasım Jomərt Toqayevin fikirlərini hər iki ölkənin 2022-2026-cı illəri əhatə edən əməkdaşlıq istiqamətlərinin və yeni inkişaf konsepsiyasının mühüm tezisləri kimi qəbul etmək olar.
Məsələn, Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirir:
“... ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq...”.
İlham Əliyev Orta Dəhliz buraxıcılıq qabiliyyəti deyərkən nədən danışır və verdiyi mesajlar nəyə hesablanıb?
Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq marşrutdur və yaxın 5 ildə ən strateji layihələrdən biri kimi Qərblə Şərq arasında çoxmilyardlı platformaya çevrilə bilər. 2022-ci ilin fevral ayının 24-də başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhliz müvəqqəti az əhəmiyyətli görünür. Amma müharibədən sonra tranzit yükdaşımaların həcmi artacaq, Ukraynanın sürətli bərpası prosesi aparılacaq və Asiyadan Avropaya yükdaşımalar əsasən xammal sektorunun payına düşəcək. Yükdaşımalarda enerji sektorunun payı ən yüksək həddə çatacaq.
Qasım Jomart Toqayev 2022-2025-ci illəri əhatə edən nəqliyyatın şaxələndirilməsi layihələrinə təxminən 20 milyard dollarlıq paket elan edib. Digər tərəfdən, Orta Dəhlizin pozitiv perspektivlərini nəzərə alan Azərbaycan ciddi dəstəkləyəci addımlarla bu projenin tarixi və qlobal əhəmiyyətini görür.