Ötən ilin yay fəslində bir gecə sərxoş vəziyyətdə evə qayıtdım. Vəziyyətim həddindən artıq əla idi. Bircə istəyim vardı. Yuyunmaq, limonlu çay içmək və yatmaq. Yuyundum. Limonlu çay içdim. Qapı-pəncərələri açdım. Divanda uzandım. Gözlərimi yumdum. Bu zaman hiss etdim ki, balkonun qapısından mətbəxə nəsə girdi. Fikir vermədim. Fikirləşdim ki, necə gəlibsə, eləcə də qayıdar.
Az sonra evdə bir böcək oxumağa başladı. Əvvəlcə asta-asta oxuyurdu. Sonra daha möhkəm oxumağa başladı. Daha sonra isə böcəyin səsi mətbəxi başına götürdü. Başımı soxdum yastığın altına. Xeyri olmadı. Səs bütün maneələri aşaraq düz beynimin içinə girirdi. Başladım bəxtimi söyməyə, bəxtimdən şikayətlənməyə. Gül kimi içmişdim, vəziyyətim əla idi, yaxşı yatmaq istəyirdim. Axı bu böcək haradan gəlib mətbəxə girdi. Gərək bu böcək məhz elə bu gün mətbəxə girəydi? Bir gün əvvəl, yaxud bir gün sonra gəlib mətbəxə girsəydi dünya dağılardı?
Yatmaq qətiyyən mümkün deyildi. Qalxdım ayağa. İşığı yandırdım. İşığı yandıran kimi böcək səsin kəsdi. Başladım evdə axtarış aparmağa. Böcəyi tapıb balkondan aşağı tullamaq istəyirdim. Getsin harada istəyir oxusun. Məni bu gecə narahat etməsin. Divanın, soyuducunun, kreslonun altına, kitabların arasına, pərdənin arxasına diqqətlə baxdım. Heç harada böcək görmədim. Hətta altına baxmaq üçün soyuducunu özümə tərəf çəkəndə az qala soyuducu üstümə aşacaqdı. Güclə saxladım soyuducunu. Soyuducu üstümə aşsaydı biabırçılıq olacaqdı...
Düşündüm ki, böcək onu axtardığımı, təhlükəni hiss etdi. Daha bundan sonra, yəqin, oxumaz. Sakitcə yerində oturar, ya da çıxıb gedər. İşığı söndürüb divana uzandım. İki-üç dəqiqə sakitçilik oldu. Bu sakitçiliyə çox sevindim. Lakin iki-üç dəqiqədən sonra adın bilmədiyim, üzün görmədiyim böcək yenə oxumağa başladı. O, yenə də əvvəlcə sakit-sakit oxudu, sonra səs gücləndi, daha sonra səs dözülməz həddə çatdı.
Belə vəziyyət kimin başına gəlməyibsə, çətin məni başa düşər. Bir böcək necə yüksək səs çıxara bilərmiş. İnanın səs birbaşa beynimin içinə girirdi. Sakitcə qalxıb divanda oturdum. Qaranlıqda səsin haradan gəldiyini müəyyən etməyə çalışdım. Dəyəsən, səs kreslonun altından gəlirdi. Yenə işığı yandırdım. Evi ələk-vələk elədim, bütün dəlmə-deşiklərə, gümanım gələn və gəlməyən yerlərə diqqətlə baxdım. Böcəyi tapa bilmədim. Bu hal bir neçə dəfə təkrar olundu. İşığı yandıran kimi böcək səsin kəsirdi. İşığı söndürüb divana uzanandan iki-üç dəqiqədən sonra böcək oxumağa başlayırdı. Müxtəsər, nə başınızı ağrıdım, həmin gecəni böcək axtarmaqla, böcəklə gizlən-qaç oynamaqla keçirdim. Möhkəm əsəbiləşmişdim. Amma boynuma alım ki, bu nəsə qeyri-adi, bir növ şirin əsəbiləşmək idi. Həm əsəbiləşirdim, həm də vəziyyətə gülürdüm.
Səhəri gün getdim təsərrüfat malları mağazasına. Mağaza evin yaxınlığında yerləşir. Adətən oradan elektrik lampaları, döşəmə əskisi, sabun, süpürgə-zad alıram. Bu dəfə oradan həşəratlar üçün dörd lari əlli tetriyə dərman aldım.
Dərmanın üstünə belə yazılmışdı: Hər növ sürünən və uçan həşəratlar üçün. Dərmanın üstündəki sözləri oxuyanda məşhur ifadə yadıma düşdü:
“Sürünmək üçün yaranmışlar, uça bilməzlər”.
Dərmanın çox pozitiv görünüşü vardı. O qədər pozitiv görünüşü vardı ki, adam elə yolun ortasında dərmanı öz sifətinə püskürtmək istəyirdi.
Öz-özümə düşündüm; görəsən, niyə bu dərmanın üstünə çox xoşbəxt, məsud görünən həşərat rəsmləri çəkiblər? Ola bilsin müasir marketinq, müasir ticarət qanunları həşəratları məhv edən dərmanların üstünə xoşbəxt həşərat rəsmləri çəkilməsini tələb edir. Ki, adamlar həşəratları öldürəndə vicdan əzabına məruz qalmasınlar.
Dərmanların üstünə xoşbəxt görünən həşərat rəsmləri çəkməklə ola bilsin marketoloqlar adamlara təlqin edirlər ki, bir qram da narahat olmayın, siz həşəratları öldürməklə günaha batmırsınız, əksinə həşəratları öldürməklə onları xoşbəxt edirsiniz. Yəni həşəratları məhv etmə aktı gülə-gülə, pozitiv ab-havada həyata keçirilməlidir.
Dəqiq yadımdadır, sovet vaxtı həşərat dərmanlarının üstündəki həşəratlar çox qorxulu formada təsvir olunurdu. Dəyəsən, o vaxtlar adamlara bununla deyirdilər ki, qətiyyətli, amansız, qəddar olun. Bunları məhv etmək lazımdı. Bu ziyanvericilərə aman vermək, rəhm etmək olmaz. Sovet vaxtı bir siçan dərmanı vardı. Üstünə elə qorxulu, acıqlı siçan rəsmi çəkilmişdi ki, adam o rəsmə baxanda istər-istəməz könlündən siçan öldürmək keçirdi...
Dərmanı gətirdim evə. Dedim gecə işığı söndürəndən, divana uzanandan sonra əgər böcək oxumağa başlasa soyuducunun, kreslonun, divanın altına, pərdənin arxasına, kitabların arasına püskürdərəm. Onun da canı qurtarar, mənim də. Gecə işığı söndürüb divana uzandım.
Bir müddətdən sonra böcək oxumağa başladı. Ayağa qalxdım. Dərmanı götürdüm. Lakin bu zaman ciddi bir dilemma qarşısında qaldım. Bu dilemmaya heç hazır deyildim. Dilemma məni hazırlıqsız yaxalamışdı. Bir azərbaycanlı kimi böcəyi öldürməli idim. Yatmağıma mane olan hər bir canlı ölməlidir. Yatmağıma mane olan hər bir canlını zərərsizləşdirməliyəm. Amma kövrək şair ürəyim böcəyi öldürməyə imkan vermirdi.
Kövrək ürəyim deyirdi ki, axı sən yazı adamısan, haqdan-ədalətdən, ləyaqətdən, mərhəmətdən və bu qəbildən olan digər ali hisslərdən, ali mövzulardan yekə-yekə danışırsan. İndi bir böcəyi öldürməyə necə əlin gələcək? Oxuyan bir böcəyə əlin necə qalxacaq? Onun işi oxumaqdı, o da oxuyur. Təbiətin ona yüklədiyi proqramı yerinə yetirir.
Dərman əlimdə dayandım evin ortasında. Azərbaycanlı ürəyim söhbəti uzatma, öldür onu, qoy cəhənnəmə vasil olsun əmrini verirdi. Kövrək şair ürəyim insaf elə, toxunma, əl dəymə, qoy özü üçün oxusun deyirdi. Beləcə məndə şəxsiyyət ikiləşməsi yarandı. Təxminən bir həftə bir-birinə daban-dabana zidd iki ürəyin arasında qaldım. İşığı söndürüb divana uzanırdım. Böcək oxumağa başlayanda işığı yandırıb dərmanı əlimə götürürdüm. Dərman əlimdə dayanırdım otağın ortasında. Başlayırdım düşünməyə. Görəsən, öldürüm, yoxsa öldürməyim?