30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu yığa bilməzlər. Amma MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.
Bu azmış kimi, Azərbaycanda heç bir funksiyası olmayan Mənzil İstismar Sahələri (MİS) - “JEK”lər “fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb.
Pravda.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. Məsələni öz aləmində sakinlərə izah edən “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.