Azərbaycanın həmsərhəd olduğu 5 ölkənin gələcək taleyi ilə bağlı strateji araşdırmaların aparılması, növbəti on illiklərdə həmin ölkələri gözləyən neqativ və pozitiv proseslərin təhlili bizim üçün həyati əhəmiyyətli məsələlərdən olmalıdır. Təəssüf ki, həmin ölkələrin içərisində ən xırda siyasi-sosial instinktləri izləyib ciddi nəticələr əldə edən və bunu ölkəmizin gələcək strateji planlarına salınmasına nail olan beyin mərkəzləri yoxdur.
Sual olunur, ABŞ və İngiltərə niyə güclüdür? Necə olur ki, okeanın o biri tayında yerləşən ABŞ Avrasiyada yerləşən dövlətlərin taleyini dəyişir, xalqların genetik yaddaşına təsir edə bilir, inqilablar hazırlayır?
Məsələ bundadır ki, ABŞ-da dünyada mövcud olan hər bir ölkəni, o ölkələrdə yaşayan xalqları araşdıran eyni sayda məxfi institutlar, mərkəzlər fəaliyyət göstərir. ABŞ Azərbaycanda, İranda, Ermənistanda yaşayan xalqların ən incə mental dəyərlərini öyrənir, onların həssas siyasi instinktlərini araşdırır, hətta hər bir rayonun, kəndin adət-ənənələrini, onların psixoloji həssaslıq dərəcəsini analiz edib həmin ölkələrə inqilablar ixrac etməyin, savaş çıxarmağın və sülhə nail olmağın konsepsiyasını hazırlayır. Təsəvvür edin, dünyada mövcud olan 245 dövlətin (bunlardan 195- beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınır) və ərazinin hər birini araşdıran mərkəzlərin və hər bir mərkəzin də minlərlə əməkdaşı var.
ABŞ fərqli edən başqa bir ideoloji yanaşma tərzi də var. Məsələn, ABŞ terrorizmlə mübarizə aparmaq üçün kabinetlərdə oturan mütəxəssis yetişdirmir, bu mübarizəni daha effektiv aparmaq üçün potensial “terrorçu”-mütəxəssislər yetişdirir. Həqiqətən də terrorçularla ən yaxşı mübarizəni elə “terrorçu”ların özləri apara bilərlər. Bu baxımdan, ABŞ xüsusi xidmət orqanlarının terrorizmlə mübarizə aparan qurumlarının əməkdaşları potensial “terrorçu”lardır.
İRAN - Azərbaycan bu ölkə ilə cənubdan həmsərhəddir. İranın özü şərqdən Əfqanıstan və Pakistanla sərhəddir. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gətirilməsi İranın gələcək taleyinin ən acı konturlarını cızacaq. İki ölkə arasındakı dini-siyasi düşmənçiliyi arxa plana çevirən “narkotik müttəfiqliyi” hələki bu prosesi ləngidir. Dünyanın 9 nüvə dövlətindən biri olan Pakistan və İran 1979-cu il İran İnqilabına qədər ABŞ-a qarşı eyni cəbhədə yer almışdı.