Avqustun 27-də Şuşada xarici diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən qlobal konfrans haqqında, elə saytımızda da, çox yazılıb, deyilib. Azərbaycan Ordusunun Qarabağda erməni separatizminin əsas damarını kəsərək Laçın şəhərinə daxil olduğu günlərdə yüzdən çox xarici diplomat Füzuli və Şuşada olub.
Bu tarixi dönəmlərdə Bakıda, Ankarada, Tehranda və Moskvada akkreditə olunmuş xarici səfirlər və hərbi attaşelər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpası prosesi ilə tanış olmaq üçün gəlmişdilər. Lakin onların arasında Fransa və ABŞ-dan diplomatik nümayəndələr yox idi, hansı ki, bu tədbirdə iştirakdan qəti şəkildə imtina etmişdilər. Bu da öz növbəsində rəsmi Bakının haqlı olaraq kifayət qədər sərt reaksiyasına səbəb olub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də öz dövlətinin barışmaz mövqeyini Amerika-Fransa diplomatlarından heç də az izah etməyib.
O, “ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olmadığını” xatırladaraq, bu iki ölkənin diplomatlarının konfransda iştirak etməmələrini “Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik” kimi səciyyələndirib. Xatırladaq ki, Vaşinqton və Parisin “Şuşa” diplomatik demarşından əvvəl başqa təxribatlar da olub. Belə ki, avqustun 24-də ABŞ Dövlət Departamenti diplomat Filip Rikeri funksiyasını itirmiş və Bakının yüksək səviyyədə açıq şəkildə dəfn etdiyi ATƏT-in Minsk qrupunun yeni həmsədri təyin edib. Avqustun 26-da Fransanın ATƏT-dəki Daimi Nümayəndəliyi Amerika-Fransa-Rusiya həmsədrlik formatının faydaları və əhəmiyyəti haqqında zahirən heç bir təhrik doğurmayan və dəxlsiz iyrənc “tweet”lə yadda qaldı - və bu, Ukraynada qızğın müharibə fonunda baş verdi!
2020-ci ildə 44 günlük müharibə nəticəsində regional problemdən təntənəli surətdə atılan ABŞ-Fransa tandeminin hərəkətləri qəbul edilməsə də, məntiqlə başa düşülə bilər. Aydındır ki, Vaşinqton və Paris regional proseslərə təsir imkanlarını özlərində saxlamaq istəyirlər və buna görə də ən azı, Qarabağ ocağını yenidən qızışdıra biləcək qığılcımısa da əllərində saxlamaqda maraqlıdırlar.
Regiona “geri dönüş” üçün yeganə mövcud mexanizm ATƏT-in Minsk qrupudur və buna görə də fransızlar və amerikalılar ondan ikiəlli yapışıblar. Bura erməni diasporunun elementini və onun lobbiçilik imkanlarını da əlavə edin. Gülməli vəziyyət belə inkişaf etdi, biz həmsədrləri qapıdan qovduqda onlar da diplomatik pasportlarını yelləyərək pəncərədən girməyə çalışdılar. Biz Qərb tərəfdaşlarının həyasızlığından əsəbiləşərək, bəzən canımızı dişimizə tutaraq, milli məqsədə - Qarabağın tam bərpasına və inteqrasiyasına doğru irəliləməkdə davam edirik.
Ancaq daha maraqlısı başqa bir məqamdır. Hacıyevin Şuşadakı çıxışından sonra ölkədaxili informasiya sahəsinin müəyyən seqmentlərinin kəskin şəkildə qaynamağa başlaması, doğrudan da, gözlənilməz idi. Prezidentin köməkçisinin ABŞ və Fransanın Azərbaycana qarşı siyasəti ilə bağlı bəyanatı, deyəsən, sosial şəbəkələrdə yerli və xarici fəalların həm Hacıyevin özünə, həm də ümumilikdə Azərbaycanın xarici siyasətinə qarşı koordinasiyalı hücumunu tətiklədi. Təkcə cəmiyyətin deyil, hətta öz elektoratının belə unutduğu, əsasən virtual məkanda yaşayan müxalifət də kəskin şəkildə səsini ucaltdı.
Onlarla bərabər, kordondan kənarda məskunlaşan söyüşcül “bloqerlər” də aqressiv kampaniyaya başladılar.
Sonuncuların fəaliyyəti hakimiyyətdə təmsil olunanların ailələrinə qarşı çirkin və ədəbsiz kampaniya aparmaq, onlara sığınacaq verən ölkələrin xüsusi xidmət orqanlarının, eləcə də Azərbaycanın özündə müəyyən qrupların sifarişlərini yerinə yetirməkdən ibarətdir. Bir növ informasiya terrorçularıdırlar, - hakimiyyətin bəxtindən isə - patoloji axmaqlardır. Bəzən bu axmaqlığın səviyyəsi o həddə çatır ki, söyüş əmri aldıqları məmurun adını, vəzifəsini belə, düzgün deyə bilmirlər.
Bəs dövlət başçısının xarici siyasət üzrə müşavirinə edilən hücumların səbəbi nə idi?
Məlum olub ki, Hikmət Hacıyevin Azərbaycan Ordusunun Xankəndiyə girmək üçün bütün imkanlara sahib olmasına baxmayaraq, bu addımı atmadığına dair açıqlaması yeni ortalığa çıxan ekspertləri təşvişə salıb.
“Müharibə vaxtı Azərbaycan Ordusu Xankəndiyə girməyə çox yaxın idi, lakin biz bunu etmədik. Təbii ki, bu, hərbi baxımdan çox çətin bir qərar idi, amma bizim üçün bu, həm də mənəvi məsələ idi. Biz Xankəndidə dinc əhalinin ölümünü görmək istəmirdik. Bu, insanlıq məsələsi idi”, - deyə Hikmət Hacıyev xarici diplomatlar ordusu qarşısında azad və əzəmətli Şuşa zirvəsindən öz inteqrasiyasını gözləyən Xankəndi haqda açıqlamasında söylədi.
Bu, karyera diplomatının diplomat cameəsi qarşısında söylədiyi ölçülü-biçili açıqlama idi. Mesajın mahiyyəti sadədir: biz Xankəndini sərt güc vasitəsi azad edə bilərdik, amma biz o qədər dinc və humanistik ki, insanların həyatını riskə atmamaq üçün diplomatiya yolunu seçdik, axı onlar bizim vətəndaşlarımızdır və biz onlara dəyər veririk. Və bu tamamilə normaldır, çünki belə tədbirlərin gündəmində həmişə açıq-aşkar humanitar komponent dayanır - dağıdılmış ərazilərin bərpası, minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların taleyinin və dəfn olunduqları yerlərin müəyyən edilməsi, ətraf mühitə dəymiş ziyanın müzakirəsi, bölgədəki insanlar arasında etimadın bərpası.
Əgər Hikmət müəllim birdən-birə xarici səfirlərin önündə silahımızın, xüsusi təyinatlılarımızın gücünü tərənnüm etməyə, mühasirəyə alınmış Xankəndini zəbt etməklə hədələməyə başlasaydı, doğrudan da, biz ondan narahat olmağa başlayardıq. Onsuz da bu addımlar, lazım gəldikdə digər strukturlarımızın nümayəndələri tərəfindən heç kimə xəbərdarlıq edilmədən tez və effektiv şəkildə həyata keçiriləcək. “Qisas” əməliyyatı hələ də yaddaşımızdadır.