Azərbaycanda “Kərimə dövləti” qurmaq niyyətlərini açıqlayan və bir sıra cinayətlərə imza atdıqlarını gizlətməyən legionerlərin İrandan təhvil alınması işi reallaşmaq üzrədir. Azərbaycanın baş prokuroru Kamran Əliyev bu məqsədlə İrana səfər edib. İranda həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşən Kamran Əliyev Azərbaycan hüquq-mühafizə orqanlarının hazırladığı siyahını ona təqdim edib. Siyahıda Azərbaycanın dövlət quruluşuna qarşı təhdidkar iddialar irəli sürən legionerlərin olduğu xəbər verilir. Kamran Əliyev də sözügedən şəxslərin siyahısını həmkarına təqdim edib.
İran mediasına yer alan məlumatda Azərbaycanın tələb etdiyi şəxslərin dövlət təhlükəsizliyinə təhdid olduğuna eyham vurulması söhbətin kimlərdən getdiyini açıq şəkildə ortaya qoyur. Xatırladaq ki, ‘’azərbaycanlı legionerlər’’in İrandakı fəaliyyəti iki dövlət arasında ziddiyyətlərin başlıca səbəblərindən biridir. Hətta Prezident İlham Əliyev bu yaxınlarda mediaya verdiyi müsahibələrindən birində bu faktı açıq dilə gətirərək, “legionerlər”in siyahısını keçmiş həmkarı Həsən Ruhaniyə təqdim etdiyini bildirmişdi. Görünür, Ruhani hakimiyyətinin dini siyasi iradə qarşısında zəifliyi və xaricə bəslədikləri ümidlərinin tam puç olmaması Azərbaycanın bu haqlı tələbinə barmaqarası baxmasına səbəb olmuşdu.
İranda sığınacaq tapan və Azərbaycan əleyhinə sosial şəbəkələr vasitəsilə təbliğat aparan şəxslər sırasında Tohid İbrahimbəyli, Əli Qumi, Əkrəm Hacızadə, Orxan Məmmədov və başqaları var. Tohid İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD-lə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib. Bu məqsədlə 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən Tohid İbrahimbəyli onları təkcə İŞİD-ə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, Tohid İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra onun rəhbərliyi altında olan qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra Tohid İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. Elmir Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və Tohid İbrahimbəyli tərəfindən təhqir edilib. Elmir Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Gəncədə Elmar Vəliyevə silahlı hücum edən Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Taleh Həsən oğlu Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadovun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Həmin aksiyadan bir neçə gün sonra Tohid İbrahimbəylinin qohumları olan bu şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.
Legionerlər kimlərdir, Azərbaycanı niyə təhdid edirlər? İran onları niyə himayə edir?