İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial, siyasi fəallığının artırılması dövlətin əsas siyasi xətlərindən biridir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Azərbaycan ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir. Demokratik proseslərin, milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir.
Mövzu ilə bağlı Pravda.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, siyasi mədəniyyətə müxtəlif prizmalardan baxmaq olar.

“Siyasi mədəniyyət siyasət sahəsində mədəni davranışların sərhədlərini müəyyən edən bir termin kimi qəbul olunur. Siyasi mədəniyyət hüquqi dövlət, vətəndaş anlayışı məsələləri, hüququn aliliyi ilə birbaşa üst-üstə düşür. Dövlətdə, cəmiyyətdə demokratik təsisatlar varsa, onlar funksional olaraq öz rollarını yerinə yetirə bilirlərsə, əlbəttə ki, insan hüquq və azadlıqlarının müdafiəsi öz yerində olacaq. Bu, tam mənada bir siyasi mədəniyyətdir. Şübhəsiz ki, siyasi mədəniyyət vətəndaş fəallığı anlayışı ilə də üst-üstə düşür. İlkin olaraq, bu cür təsisatların öz yerini tapması üçün mütləq şəkildə zamana ehtiyac var. Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş qanunlar, vətəndaşların hüquqlarının müdafiəsi haqqında qəbul edilmiş qərarlar müsbət mənada yüksək qiymətləndirilməlidir. Şübhə yoxdur ki, biz hələ dərk edilən siyasi mədəniyyətlə bağlı kifayət qədər yol keçməliyik. Xüsusən sovet dönəmində birpartiyalı sistem, totalitar rejim idi, bu rejimdən dərhal sonra çoxpartiyalı sistemə keçiddə belə bir məsələ meydana çıxdı ki, hansı formada siyasi mədəniyyət öz yerini tapmalıdır. Siyasi mədəniyyət dedikdə seçkilər vasitəsilə insanların səsvermə hüquqlarının tanınması, öz namizədləri vasitəsilə siyasi iradənin ifadəsi, şəxslərin siyasi davranışlarının konstitusion hüquq və azadlıqlar çərçivəsində həyata keçirilməsi və sair bütün bunlar nəzərdə tutulur və bizdə ideal deyil. Bütövlükdə tamtəminatlı siyasi mədəniyyətin təşəkkül tapması üçün müəyyən zamana ehtiyacımız var”.
Ə.Əlibəli deyib ki, Azərbaycanda milli kimliyin inşası SSRİ dağıldıqdan sonrakı proseslərdən 2020-ci ilin 27 sentyabr ayına qədər olub: “Bu isə torpaqların itkisi, məğlubiyyət kimi məsələlərə üst-üstə düşürdü. İndiki siyasi mədəniyyət içərisində qalib ölkə vətəndaşının siyasi düşüncələri, fəallığı, daha geniş miqyasdan proseslərə baxmaq, artıq vətəndaş, siyasi partiyalar, müxalifət olaraq aparıcı siyasi qurumların, xüsusən qərar verən iqtidar qarşısındakı arqumentləri, baxışları, şübhə etmirəm ki, daha fərqli bir səviyyəyə gəlib çatır. Bu siyasi mədəniyyətin içərisində davranışların arqumentləri, tələbləri dünənimizə görə tamamilə fərqli forma təşkil etməkdədir. Çatışmazlıqlara gəldikdə, şübhəsiz ki, vətəndaşların siyasi şüurunun hələ tam şəkildə yüksək inkişafına ehtiyac var. Siyasi partiyalarda ideologiya, ideya, kreativlik problemi var. Onların seçki marafonunda yüksək səviyyədə iştirakı ilə bağlı öz nöqteyi-nəzərindən qeyri-ciddi yanaşma var. Əlbəttə, müəyyən obyektiv və subyektiv problemlər mütləq mövcud olub. İndiki dönəm imkan verir, eyni zamandan bundan sonrakı proseslər də göstərir ki, siyasi mədəniyyətin yüksəldilməsinə böyük ehtiyac var. Bu, elə bir dönəmə təsadüf edir ki, qlobal katakrizmlər dövlətlərin daxili vəziyyətinə də ciddi şəkildə təsir göstərir. Vətəndaş qarşıdurması yaşanan, buna ehtimal olan ölkələrdə, eyni zamanda siyasi sabitsizlik hökm sürən ölkələrdə siyasi mədəniyyətin olmaması çox ciddi sancılara, böhranlara gətirib çıxara bilər. Bu baxımdan, biz mütləq şəkildə siyasi təşəkkülə, siyasi qrupların öz siyasi baxışlarını rahat ifadə etməyə daha geniş çərçivədən baxmalıyıq. Düşünürəm, ölkə Prezidenti cənab İlham Əliyevin bu mənada həm arqumentləri, həm baxışları, xüsusən 2019-cu ildən başlayan islahatlar çərçivəsində müxalif partiyalarla dialoq məsələsi çox böyük təqdir qazanır”.
Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, cəmiyyətdə sosial fəallığın artırılması üçün müxtəlif sosial təbəqələrlə müvafiq qurumlar və problemlər ətrafında iş aparılmalıdır:
“Ölkə başçısı tərəfindən də “İctimai iştirakçılıq haqqında” qanuna xüsusi münasibət var. Bu və ya digər sosial problemlərin həllində, müzakirəsində, tənzimlənməsində camiyyətin sosial iştirakçılığının təmin edilməsi üçün medianın, KİV-in də rolu böyükdür. Müxtəlif problemlər ətrafında ictimai müzakirələrə sosial qrupların cəlbini, qərar qəbul etməkdə ictimai rəyin əhəmiyyətini artırmaq lazımdır. Çünki biz sosial dövlət quruculuğu prosesindəyik, bütövlükdə demokratik dəyərlərin inkişafı baxımından cənab Prezidentin iradəsi ortdadır. Ayrı-ayrı sosial qrupları sosial dialoq, polemika, diskussiya formasında müzakirələrə cəlb etmək, düşüncələrinə yer vermək lazımdır. Müxtəlif problemlərlə bağlı ictimai rəy sorğuları, sosioloji sorğular aparmaq yaxşı olardı. Sosioloji sorğuların fərqli-fərqli növləri var. Telefon, anket, ekspert və sair sorğu növləri vasitəsilə cəmiyyətin fikirlərini almaq mümkündür. Eyni zamanda sosial fəallığı artırmaq üçün media orqanları vasitəsilə cəmiyyətdə sosial maarifləndirmə işləri aparmaq lazımdır”.
Ü.Şəfiyev bildirib ki, KİV-in əsas vəzifələrindən biri maarifləndirmə missiyasıdır: “Medianın təqdim etdiyi sosial roliklər, sosial çarxlar vasitəsilə sosial fəallıq artırıla bilər. İnsanlara, cəmiyyətin müxtəlif təbəqələrinə çatdırmaq lazımdır ki, onların fikri çox önəmli, əhəmiyyətlidir. Ölkə rəhbərinin də buna marağı var, iradəsi ortadadır. Cənab Prezident müxtəlif məsələlərin həllində cəmiyyətin qruplarına müraciət edir, işğaldan azad olunmuş rayonların Baş planının hazırlanmasında həmin rayonların ictimaiyyəti, ağsaqqalları, müxtəlif sahə adamları ilə görüşür, onların fikirlərini alır, Baş planın tərtibatında onların düşüncələrinə önəm verir. Bu, o deməkdir ki, Prezident ölkə əhalisindən, vətəndaşlardan sosial fəallıq gözləyir, vətəndaşların qərar qəbuletmədə iştirakçılığında maraqlıdır. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə bağlı cənab Prezident tapşırıq verdi, komissiya yarandı ki, insanlar arasında sorğu keçirilsin, neçə nəfər köçüb getmək istəyirsə, müəyyənləşdirilsin. Ölkə rəhbəri ictimai rəyə böyük önəm verir. Bunu insanlara çatdırmaq lazımdır ki, onların düşüncələri dövlət üçün əhəmiyyətlidir”.
Sosioloqun sözlərinə görə, cəmiyyətin sosial nəzarət missiyası tənzimlənməlidir: “Vətəndaşlar bu və ya digər neqativ hallara qarşı, ictimai mədəniyyətsizliklə bağlı cəmiyyətdə, hansısa kollektivdə mövcud çatışmazlıqlara qarşı dözümsüz yanaşmalıdır, reaksiya göstərməlidir. İctimai qınaq artırılmalıdırlar. Küçənin zibillənməsindən tutmuş, parklarda, xiyabanlarda qeyri-adekvat davranışlara qarşı cəmiyyət və onun ayrı-ayrı nümayəndələri, sosial qruplar öz nəzarət missiyasını ləyaqətlə yerinə yetirməlidirlər. İnsanları buna alışdırmaq lazımdır. Vətəndaş-dövlət, cəmiyyət-dövlət münasibətlərinin formalaşması üçün vətəndaşları, cəmiyyəti inandırmaq lazımdır ki, onların hər birinin düşüncəsi dəyərlidir. Pandemiya dövründə ölkə rəhbərliyi tərəfindən səsləndirilən “Biz birlikdə güclüyük!” şüarı bu baxımdan da yerinə düşmüşdü. Yəni cəmiyyət, toplum olaraq hər kəs, həm vətəndaş, həm peşəkar öz missiyasını başa düşərsə, cəmiyyət, dövlət daha əhatəli inkişaf edər. Belə olan təqdirdə sosial-ictimai sferada neqativlər xeyli azlamış olar. Ekologiyanın təmizlənməsində də bu yanaşmanın mühüm əhəmiyyət var. Məktəblər, əmək kollektivləri ilə, müxtəlif müəssisələrlə çalışmaq, Qeyri-Hökumət Təşkilatlarını fəallaşdırmaq lazımdır. Təəssüf ki, QHT-lər öz üzərilərinə düşən missiyanı tam yerinə yetirmirlər, onların fəaliyyəti qənaətbəxş deyil. QHT sektoru, vətəndaş cəmiyyəti birlikdə hərəkət etməlidir. Həm dövlət, həm KİV, həm də QHT sektoru cəmiyyətin sosial fəallığının artırılmasına birgə iş görməklə töhvə verməyə nail olarlar. Ümumiyyətlə, sosial işlə bağlı lisenziyalaşdırma aparılmalı, lisenziyalı sosial işçilər fəaliyyət göstərməlidir. Bu, cəmiyyətin müxtəlif təbəqələri ilə işləmək üçün qanunvericilikdə də nəzərə alınmalı, məsələ gündəmə gəlməlidir. Güman edirəm, sosial fəallığın artırılmasına bu da öz töhvəsini verəcək”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
