Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə verib.
Pravda.az müsahibəni təqdim edir.
Roberto Boncorni: Sabahınız xeyir, cənab Prezident. Bizi qəbul etdiyinizə görə sağ olun. Son görüşümüzdən sonra bir çox dəyişikliklər baş verib və biz regionda dinamikanı anlamağa çalışırıq.
Prezident İlham Əliyev: Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib.
- Yəni, bu, iki ölkəni və bütün regionu birləşdirən infrastrukturun yaradılması istiqamətində çox vacib addım ola bilər.
- Tamamilə haqlısınız. Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.
- İcazə verin, qaz məsələsinə keçək. Çünki bu, vacib məsələdir. Avropa Rusiyanın təbii ehtiyatlarından asılılığına son qoymağa çalışır. Siz qeyd etdiniz ki, iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə görüşdünüz və Azərbaycandan Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılması, sərmayə qoyuluşu ilə bağlı anlaşma memorandumu imzaladınız. Burada söhbət 2027-ci ilədək ixracın 10 milyarddan 20 milyard kubmetrə çatdırılmasından gedir. Cənab Prezident, bu, mühüm addımdır. Lakin bu, Rusiyanın Avropaya ixracı ilə müqayisədə kiçik həcmdir. Çünki 2021-ci ildə Rusiya Avropaya 155 milyard kubmetr qaz nəql edib. Sizin rəhbərliyinizlə Azərbaycan həcmi artırmaq baxımından Avropanın digər hissələrinə qaz nəql etmək məqsədilə hər hansı əlavə layihələri nəzərdən keçirirmi? Buna böyük ehtiyac var.
- Bəli, mən bunu anlayıram. Biz hazırda sərmayə qoyuluşu baxımından yeni imkanlar və planları nəzərdən keçiririk. Ancaq sizin istinad etdiyiniz vəziyyət olduqca yenidir. Heç kəs buna hazır deyildi. Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb. Biz Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələri uzun illər əvvəl imzalamışıq. Daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq. Biz Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib.
Xanım Ursula Fon der Lyayen ilə istinad etdiyiniz görüşə gəldikdə isə, biz hasilatı qısa zamanda artırmaq məsələsini müzakirə etdik. Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir.
Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir.
Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk. Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar. Ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Bizim potensial istehlakçılarla fəal dialoq aparmağımız, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparmaq kimi qarşımızda görüləsi çox iş dayanır.
- Cənab Prezident, icazə verin, Sizə uzunmüddətli perspektivlə bağlı sual verim. Ölkənizin potensialı çox genişdir və o, mühüm strateji mövqeyə malikdir. Məsələn, 30 illik mübahisədən sonra, 2021-ci ildə Siz Türkmənistanla Xəzər dənizində “Dostluq” qaz yatağının işlənməsi ilə bağlı müqavilə imzalamısınız. Siz, məsələn, Transxəzər kəmərinin tikintisini nəzərdən keçirirsinizmi? Çünki bununla siz Qazaxıstanın və Türkmənistanın qaz yataqlarını birləşdirərək təkcə Avropa deyil, bütün region üçün misilsiz bir qaz qovşağına çevrilə bilərsiniz.
- Bəli, siz haqlısınız. Mən Azərbaycanın Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik. İndi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf dayanır. Bu, qaz deyil, əsasən neft yatağıdır.
Transxəzər layihəsi ilə bağlı sualınıza gəldikdə isə, bu layihə uzun illərdir ki, müzakirə olunur. Bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayıram. Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb. Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu. Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil. Bizim neft və qaz layihələrimizə gəldikdə isə onların hamısı icra olunmuşdur. Biz indi elektrik enerjisinin Avropaya ixraci ilə bağlı layihəni icra edirik. Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq.
- Azərbaycan kiçik, lakin müasir dövlətdir və üç güclü regional dövlətin - Sizin güclü müttəfiqiniz olan Türkiyə, Rusiya və İranın əhatəsində yerləşir. Həmişə balansı qoruyub saxlamağa müvəffəq olmusunuz. Lakin son altı ayda vəziyyət köklü şəkildə dəyişib və Siz qazla bağlı Avropaya daha da yaxınlaşırsınız. Siz Rusiya tərəfindən hərbi deyil, kommersiya və diplomatik sahələrdə hər hansı təzyiqlə üzləşirsinizmi?
- Xeyr, qətiyyən yox. Bunun səbəbi odur ki, bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır, onların öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur.
Siz Türkiyənin bizim müttəfiqimiz olduğunu dediniz. Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında Bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır.