Dövlət İmtahan Mərkəzinin (DİM) bu il keçirdiyi buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 456 9-cu və 11-ci sinif şagirdi, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək.
Pravda.az xəbər verir ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə avqustun 31-dən etibarən çap edib götürə biliblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.