Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 5-dən başlayaraq 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qeyd olunanlarla bağlı nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.