Birləşmiş Ştatların Dövlət Departamenti ötən ayın sonunda (avqustun 29-da) Azərbaycana səfərlə bağlı öz vətəndaşlarına olan tövsiyələrini yeniləyib. Belə ki, ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini üçüncü (narıncı) səviyyədə göstərib və vətəndaşlarına COVID-19-la bağlı məhdudiyyətlər və terror təhlükəsi təhdidi ilə əlaqədar bizim ölkəmizə səfər planlarını yenidən baxmağa çağırır.
Qonşu ölkə Ermənistanla bağlı tövsiyəyə baxdıqda isə biz belə bir xəbərdarlığın olmadığını görürük və təbii ki, bu da müəyyən suallar yaradır. Azərbaycan və Ermənistanda COVİD-19 yoluxmaların statistikasına nəzərə yetirsək xəbərdarlığın qərəzli olmasına dair şübhələr bir qədər artır. Belə ki, Azərbaycanda son həftə ərzində koronavirusa yoluxma halları 2931, Ermənistan isə bu rəqəm 2329 olub. Göründüyü kimi rəqəmlər bir-birinə yaxındır. Lakin Dövlət Departamentinin Ermənistana səyahətlə bağlı tövsiyəsində koronovirusla bağlı heç bir xəbərdarlıq yer almayıb. Bundan əlavə, Ermənistana dair tələblər sonuncu dəfə aprelin 25-də yenilənib. Maraqlıdır ki, Azərbaycandan fərqli olaraq Ermənistanla bağlı səyahət məsləhətləri birinci səviyyədədir və bu ölkədə ABŞ vətəndaşlarına heç bir təhdidin olmadığı qeyd olunur.

Diqqətçəkən başqa bir məqam isə Ermənistana aid bölmədə ABŞ vətəndaşlarına Qarabağa səfər etməməyə dair tövsiyələr də yer alır və bu məlumatlar aprel ayının 25-dən yenilənmir. ABŞ Dövlət Departamenti Azərbaycana aid olan əraziyə dair xəbərdarlığı niyə Ermənistana dair bölmədə yerləşdirir? Bunu qoyduq kənara. Məgər departament Azərbaycanın rəsmi icazəsi olmadan heç bir xarici ölkə vətəndaşının Qarabağa səfərinin qanunsuz olduğunu bilmir? Bu barədə xəbərdarlığı niyə müvafiq hissədə yerləşdirmir?
.png)