“Təxribat Ermənistanın siyasətidir. Ermənilərə heç vaxt arxayın olmaq olmaz. Həmişə demişəm, Paşinyan Ermənistanda bir söz, gedir Moskvaya başqa söz danışır, Brüsseldə tamamilə başqa fikirlər səsləndirir. Faktiki olaraq bunlar sülh danışıqlarına getmək istəmirlər. Cənab Prezident İlham Əliyev bütün görüşlərində çalışır ki, sülh danışıqları yaransın, sülh müqaviləsi imzalansın, amma Ermənistan nə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəyir, nə də sərhədləri. Ancaq belə təxribatlara əl atırlar. Bir gecədə 50 şəhidimiz oldu. Bunu Ermənistana heç vaxt bağışlamaq olmaz. O ki qaldı ermənilərin havadarlarına... Bu, tək Ermənistanın oyunu deyil. Bilirsiniz ki, arxasında Rusiya dövləti dayanır, bu məsələlərdə Ermənistana yardım edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, 44 günlük müharibədə faktiki olaraq Ermənistan ordusu darmadağın edilib: “Bəs bunlar yenidən özbaşına necə dirçəldi? Nə vəsaitləri, nə imkanları, nə şəraitləri, nə də hərbi müəssisələri var. Heç nələri yoxdur. Məhz Rusiyanın, orada olan hərbi bazanın köməyi ilə yenə də dirçəldilər. Hələ bilmək olmaz, son təxəribatda erməni əsgəri iştirak edirdi, ya rus əsgəri. Nə vaxta qədər Qarabağda rus sülhməramlıları var, biz orada sakitliyi bərpa edə bilməyəcəyik. Dövlət başçımız gecə-gündüz çalışır ki, bu məsələni müsbət həll etsin. Amma Ermənistan məsələni həll etmək istəmir, yenə təxribatalara əl atdılar. Özləri tərəfdən də qırılanlar var. Bizim də kifayət qədər cavan uşaqlarımız şəhid oldular. Allah şəhidlərimizə rəhmət eləsin, hamısının ailəsinə başsağlığı verirəm”.