Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başayaraq, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Ermənistan tərəfinin bu təxribatına cavab olaraq Azərbaycan tərəfindən cavab tədbirləri görülmüşdür. Təxribatın qarşısının alınması zamanı 50 nəfər hərbçimiz şəhid olub.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmamış, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirmiş, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub.