Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.
Pravda.az xəbər verir ki, görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, - deyə Si Cinpin bildirdi.
Prezident İlham Əliyev Çinin lideri Si Cinpin ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə 2019-cu ildə “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfərini yüksək qiymətləndirdiyini vurğuladı. Dövlətimizin başçısı da Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.
Yeni Azərbaycan Partiyasının yaranmasının otuz illiyi münasibətilə təbriklərə görə Sədr Si Cinpinə təşəkkürünü bildirən Prezident İlham Əliyev iki ölkənin hakim partiyaları arasında çox yaxşı əlaqələrin olduğunu qeyd etdi. Azərbaycan-Çin diplomatik əlaqələrinin otuz illiyinin uğurlu nəticələrlə qeyd olunduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə çox faydalı və səmərəli əməkdaşlığın qurulduğunu dedi.
Prezident İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir.