"Həqiqətən də möhtərəm cənab Prezident Parlamentin ilk iclaslında qarşımızda duran vəzifələrlə bağlı tövsiyələrini verdi və həmçinin ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin yeni konsepsiyasını açıqladı".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, Parlament rəhbərliyində, həm də Komitə sədrlərinin müavini səviyyəsində parlament müxalifətinin təmsil olunması yeni siyasi mədəniyyətin göstəricisidir və cənab Prezidentin də müraciətində söylədiyi kimi – bu siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasıdır: "Bununla yanaşı, artıq bir müddətdir ki, Prezident Administrasiyasında yaradılmış müvafiq şöbə həm Parlamentdə təmsil olunan, həm də digər siyasi partiyalara dialoq təklif edib. Bu gün mətbuatdan aldığımız məlumatlara əsasən deyə bilərik ki, siyasi baxışlarından asılı olmayaraq müstəqil dövlətçilik və xalqa xidmət təfəkküründə olan əksər siyasi qüvvələr bu təşəbbüsü müsbət dəyərləndirirlər. Ancaq marginallaşmış və ictimaiyyət arasında olan-qalan nüfuzunu da itirmiş bir qruplaşma məntiqsiz iddialarla bu görüşlərə qatılmayıb. Əlbəttə ki, keçən ilin 19 oktyabr mitinqindən sonra bu radikal müxalifətin düşdüyü rəzil duruma hamı şahid olub. Buna baxmayaraq, iqtidar rəsmiləri siyasi mədəniyyət nümayiş etdirərək onlara əl uzadaraq, normal siyasi ünsiyyət təklif etmişlər. Sözsüz ki, bu təklifdən imtina onların əsl məqsədlərindən xəbər verir. Ölkə Prezidenti özünün Novruz bayramı münasibətilə bağlı xalqa müraciətində bu qüvvələrin niyyətini bir daha ifşa edib. Ölkə Prezidentinin sözlərinə görə - onların çıxışları xalqa nifrətlə doludur, təxribatlar törətmək, ölkədə panika və ixtişaşlar olmasını istəyirlər. Sözsüz ki, belə olacağı təqdirdə yeni siyasi konfiqurasiyada xaricdən idarə olunan satqın və xəyanətkar ünsürlərə yer olmayacaq. Bu yaxınlarda Azərbaycan ictimaiyyəti beşinci kolonun nümayəndələrindən birinin azadlıqdan məhrumetmə müəssisəsindən çıxdıqdan sonra hansı təmtəraqla öz havadarları tərəfindən xarici ölkəyə yola salındığını müşahidə etdi".Modern.az