“İranda son günlər çox mürəkkəb, qəliz proseslər getməkdədir. Ölkə daxilində çaxnaşmalar baş verir. 22 yaşlı iranlı gənc qızın əxlaq polisi tərəfindən saxlanılması, onunla sərt davranış fonunda qızın ölməsi faktı İranda gərginliyin artması və genişlənməsi üçün səbəb deyil, bəhanə rolunu oynayıb. Çünki baş verən hadisələr İrandakı hakimiyyətin daxili mahiyyətindən irəli gəlir. Xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ciddi problemlərin olduğu bu ölkədə, təbii ki, belə hadisələr qığılcıma səbəb olur, ölkə daxilində çox ciddi katakalizmlərə yol açır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, İran xarici siyasətində də müəyyən səhvlərə imza atıb: “Xüsusən Azərbaycana münasibətdə son zamanlar ortaya qoyduğu siyasi kurs İranın strateji maraqlarnın ziddinədir. İran Azərbaycanın yanında olmalıdır. Ən azı ona görə ki, həm Azərbaycan, həm də İran müsəlman ölkələridir. İranda dövlət idealogiyası “xameynizm”dir. “Xameynizm”in iki mühüm istiqaməti var. Birincisi, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İkincisi də İran islam inqilabının ixracı ilə bağlı məsələlərdir. Ən azından “xameynizm” idealogiyası nöqteyi-nəzərindən məsələyə qiymət versək, Ermənistan-Azərbaycan arasındakı mövcud gərginliklərə münasibətdə İran Azərbaycanın, həqiqətin, beynəlxalq hüququn yanında olmalıdır. Təəssüf ki, bunun əksini görürük. İran rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin dəyişdirilməsi İran üçün “qırmızı xətt”dir. Bununla da Azərbaycanı hədələyirlər. Azərbaycanla sərhəd boyu 40 minlik qoşun toplayıb hərbi manevrlər keçirirlər. Bununa da bizə “əzələ” nümayişi göstərirlər. Bunlar, təbii ki, qəbuledilməzdir”.