BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zəmanətlə aldığım “Changan” “defekt” çıxdı, yaxın durmurlar…”

“2022-ci ilin iyul ayında dizel mühərriki ilə təchiz edilmiş “Changan HUNTER Pickup” model avtomobil almışam və cəmi bir ay sonra həmin avtomobilin yanacaq nasosu, yanacaq sisteminə aid digər bir neçə detal xarab olub. Zəmanətin və kasko sığortanın olmasına baxmayaraq avtomobili satan şirkət indi avtomobili təmir etmək istəmir”.

 

Bunu sıradan çıxmış “Changan HUNTER Pickup” avtomobilinin sahibi Dadaşov Tahir Mahir oğlu bildirib.

 

Şikayətdi deyir ki, avtomobili satan şirkətin rəsmi servisi yaranan problemin aradan qaldırılması üçün ondan 8300 manat pul tələb edir. Alıcı isə avtomobildə istehsal qüsurunun olmasını və qarantiyanın qüvvədə olduğu dövrdə yaranan çatışmazlığın şirkətin aradan qaldırmalı olduğunu əsas gətirərək avtomobilinin təmir edilməsini istəyir.

 

T.Dadaşovun bildirdiyinə görə, o, “Changan HUNTER Pickup” avtomobilini “Changan”ın Azərbaycandakı rəsmi distributoru olan “Changan Auto” şirkətinin Babək prospekti, 74 ünvanında yerləşən satış mərkəzindən alıb və bir ay sonra yanacaq nasosunda problem yaranıb:

 

“Avtomobil alınanda 5 il müddətinə qarantiya verilib, eyni zamanda kasko sığortası da olub. Satış müqavilisinə əsasən qarantiya müddətində avtomobilə texniki xidmət yalnız “Changan” şirkətinə aid servisdə göstərilməlidir. Mən razılaşmaya əməl etmişəm və avtomobilə texniki xidmət daim şirkətin servisində göstərilib. Sonuncu dəfə servisdə yağın dəyişdirilməsinə görə xidmət göstərilib. Bundan bir həftə sonra, yəni bu ilin sentyabrında yanacaq nasosunda problem yarandığını gördüm. Servisə yenidən müraciət etdikdə yanacaq sisteminə su düşdüyünü və bu səbəbdən yanacaq nasosunun sıradan çıxdığını dedilər. Şirkət əməkdaşlarının iddiasına görə, Azərbaycanda satılan dizel yanacağının tərkibində su var və buna görə də avtomobilin yanacaq sistemi sıradan çıxıb”.

 

T.Dadaşov şirkətin bu iddiası ilə razılaşmır. Onun qənaətincə, satılan avtomobil qüsurlu olub və şirkət sadəcə olaraq, yaranan xərcləri ödəməmək üçün belə bir bəhanə uydurur:

 

“Avtomobil alınandan bəri cəmi 8 200 km məsafə sürülüb. Yanacaq sisteminin belə tezliklə sıradan çıxması onu göstərir ki, avtomobildə qüsur var. Ölkəmizdə dizel yanacağının bir istehsalçısı (SOCAR-red.) var və bütün dizel mühərikli avtomobil sürənlər həmin yanacaqdan istifadə edir. Əgər yanacaqda problem varsa, məntiqlə, digər dizel mühərrikli avtomobillərdə də problem yaranmalıdır. Onlara dedim ki, məndə başqa istehsalçılara aid daha bir neçə dizel mühərrikli “pikap”lar var. Həmin avtomobillərdə bir dəfə də olsun, yanacaqla bağlı problem olmayıb, amma “Changan”ın avtomobilində bir aydan sonra problem yaranıb. Servisdə olan zaman şirkətin əməkdaşlarından biri mənə söylədi ki, oxşar problemlə üzləşən daha 7 ədəd avtomobil təmirə gətirilib. Şirkət rəsmisi mənə dedi ki, bu problemə görə tez-tez şikayətlə üzləşirlər. Deməli, satılan avtomobillərin yanacaq nasosları “defekt”lidir (qüsurlu-red.), daha tez sıradan çıxır”.

 

Şikayətçi qeyd etdi ki, avtomobildə yaranan problemin aradan qaldırılması üçün böyük məbləğdə pul lazımdır. T.Dadaşov şirkətin bu xərci ödəməli olduğunu vurğuladı:

 

“Problemlə əlaqədar rəsmi qaydada şirkətə müraciət etdikdən sonra servisdən bildirdilər ki, avtomobilin təmir edilməsi üçün 8300 manat xərc tələb edilir. Şirkət bu vəsaitin mənim tərəfindən ödənilməsini istəyir. Yalnız yanacaq nasosu üçün 3300 manat tələb edirlər. Dəfərlərlə dillerə rəsmi qaydada müraciət etməyimə baxmayaraq satış müqaviləsinin şərtlərinə əməl edilmir, avtomobil təmir olunmur. Kasko sığortasının qaydasına görə də yanacaqla bağlı yaranan xərcləri sığorta şirkəti ödəmir. Bu vəziyyətdə cavabdeh, məsul olan tərəf “Changan” şirkətidir. Şirkət satdığı avtomobillərin sazlığına görə cavabdehdir.”

 

Sfera.az

Tarix: 21 Sentyabr 2022, 19:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin