Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.
Pravda.az xəbər verir ki, Fahrettin Koca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Qonaq vurğuladı ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri bütün digər qurumlar kimi, Səhiyyə nazirlikləri arasında da əməkdaşlıq üçün yol göstəricisidir və bu baxımdan ölkələrimizin nazirlikləri sıx əməkdaşlıq həyata keçirir.
Türkiyənin səhiyyə naziri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir. Nazir şəhidlərlə bağlı başsağlığı verdi, qazilərə şəfa dilədi. Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Fahrettin Koca bu sənəddə əksini tapan hədəflər istiqamətində səhiyyə sahəsində də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün çalışdıqlarını bildirdi.
Türkiyəli nazir dedi ki, ölkəsində səhiyyə sahəsində əldə olunan təcrübəni və elmi bilikləri azərbaycanlı həmkarlarla bölüşmək qardaşlıq borcudur. O, dövlətimizin başçısının dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun əhəmiyyətindən danışdı.