BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nə qədər ki ərazimizdə erməni hərbi birləşmələri var, ordumuzun Ermənistanın hansı nöqtələrində olursa-olsun, yerləşməyə hüququ var”

“Sentyabr ayında Azərbaycan xalqı üçün dönüş, milli birlik-bərabərlik və 30 il ərzində işğal altında qalan torpaqların xilasına doğru başlayan yolun 2-ci ildönümü günlərini yaşayırıq. Cənab Prezidentin azad edilən torpaqlarımıza qalibiyyətimizin müjdəsini hər zaman xalqımızla bölüşən, gələcək kursu müəyyən edən, dövlətimizin plan və strategiyalarını hər kəsə nümayiş etdirən səfərləri olub. Laçın səfəri ötən iki ildə digər ərazilərimizdə həyata keçirilmiş səfərlər kimi deyil. Bu, cənab Prezidentin 12-14 sentyabr tarixlərində Azərbaycanın şərti sərhədində baş vermiş hərbi toqquşmalardan sonra Laçında coğrafi, siyasi, hərbi yüksəkliklərdə dünya ilə çox unikal platformada polemikası, dialoqu idi”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Deputat bildirib ki, ölkə rəhbərinin Laçındakı çıxışında xüsusi diqqətçəkən məqamlar var: “İlk növbədə vurğulandı ki, çox az xalqlar uzun illərin düşmənçiliyinin ardından ayağa qalxaraq qalib gələndən sonra düşmən tərəfə sülhlə bağlı çağırışlar edir. Lakin biz bunu həyata keçirdik, addımlar atdıq. Müvafiq olaraq, hətta ən sonda bunun hüquqi çərçivəsini 5 tezislə müəyyənləşdirdik. Paralel şəkildə delimitasiya və demarkasiya üzrə Baş nazirin müavinləri səviyyəsində komissiyalar formalaşdı. Eyni zamanda 4 dəfə ən yüksək səviyyədə üçtərəfli görüşlər aparıldı. Xarici işlər nazirləri və s. ranqında görüşlər həyata keçirilərkən əsas məsələ sülh gündəliyini formalaşdırmaq və bu platformada irəli gedərək nəticədə yekun müqaviləyə nail olmaq idi. Azərbaycanın burada imitasiyaya qəti ehtiyacı yoxdur. Bütövlükdə bu, yalnız iki dövlətin deyil, onların üzərində müxtəlif qütblərin, dairələrin arasında bir anlaşma tapmağa kömək edəcəkdi. Digər tərəfdən, şübhəsiz ki, yaşadığımız regiona, Qafqaza sülh gətirmiş olacaqdı. Ona görə də cənab Prezidentin bu fikrini hər zaman qeyd etməliyik. Çünki son günlər hərəkətlənmələr fonunda ən çox Paşinyan ittiham edilir, irad bildirilirdi. Paşinyanı linç etməyin idealoji arqumentinə baxın, “bir türk bu hökumət binasında oturub və Azərbaycanla sülh danışıqları aparmaq hesabına tabutlar, cənazələr qazanırıq”. Belə hökm irəli sürürlər. Qəti şəkildə doğru yanaşma deyil”.

 

Z.Oruc deyib ki, Ermənistan həqiqətən də sülh üçün addımlar atmış olsaydı, 2 il uzatmadan bunu reallaşdırıb sona çatdırardı: “Şərti sərhəd ərazilərində minalanma öz-özlüyündə Ohanyan xəttində 30 il ərzində görülən işlərin eynisi deyilmi? Vaxtilə də bunu “təmas bölgəsi” adı ilə çağırıb bizimlə münasibətlərinə ayırıcı bir xətt qoymaları indi miqyasını, coğrafiyasnı dəyişib. 3 gün öncə Serj Sarkisyan yenidən peyda oldu, meydana deyil, kabinetlərə çıxaraq məhdud çərçivəli insanlarla görüşlər keçirib. Başadüşüləndir, Razdan meydanına 90-cı illərdəki kimi yüz minlərlə insan yığılıb “myatsum” qışqırmır. Çünki yaxşı bilirlər ki, onların həmin şüarından bir qrup siyasi dələduz dairələr faydalanacaqlar. Amma Sarkisyan söyləyir: “Baxın, gördünüzmü məğlubiyyətlərimizi? Bizi elə nöqtəyə gətirdi... Əslində Qarabağ vaxtilə bizim sərhədimiz idi, bütövlükdə Ermənistanın xətti idi. Onu əlimizdən verdiyimizdən, itirdiyimizdən indi gəlib bu duruma çatmışıq”. Necə ola bilər? Bu, ölkə rəhbərinin “Ermənistan delimistasiya və demarkasiyada real addımlar atmadı, gerçək sərhəd xətti mövcud deyil, qoy onu göstərsin” bəyanatının nə qədər doğru olduğunu sübuta yetirir”.

 

Deputat bildirib ki, Azərbaycan 2 il ərzində sülh yolu ilə heç bir şəhid vermədən, itkilərə yol açmadan prosesi bu məcradan aparmaq istəyərkən, növbəti əks həmlə əməliyyatı həyata keçirməli olub: “Ermənistan xüsusi radar-raket qurğuları, bunun çevrəsində başqa silahlarının son imkanlarından da istifadə etdi. Hansı ki onların bir qismini Azərbaycan zərərsizləşdirmişdi. Bir qismindən Gəncəyə və Bərdəyə qarşı savaş dönəmində istifadə etmişdilər. Ona görə də ölkə rəhbərinin Laçından verdiyi bəyanat milli ruhu yüksəltdi. Son günlər içərisində ictimai fikri bu və ya digər formada zədələməyə çalışan, 44 günlük Zəfər hərəkatımızın müqəddəsliyini əlimizdən almağa xidmət edən addımlar ortadan qalxdı. İnsanlar birinci şəxsin verdiyi açıqlamaları, hətta bədən dilini, jestlərini yüksək mənada qəbul ediblər. Əslində Qərb cəmiyyəti də belədir. Onlarda da birinci şəxsin davranışları cəmiyyət həyatına güclü təsir edir, əhval-ruhiyyəsini, planlarını, gələcəyə baxışını, məsələyə münasibətini formalaşdırır. Düşünürəm ki, Laçın şəhərinin, Laçın dəhlizinin azad olunması, Sus və Zabux kəndlərinin, bütövlükdə həmin ərazilərin Azərbaycan Ordusunun nəzarətində olması, orada görüləcək böyük işlər, tunellər, yollar, qurulan infrastruktur işıq dirəkləri, qüllələr və s. hər biri sülh dövrünün savaş istehkamlarıdır. Düşünməyin ki, təkcə tanklar, toplar, dron-kamikadzelər savaşır. Əlbəttə, göylərdəki ordumuzun böyük qüvvəsi var. Amma yerdəki ordumuz bu gün inşaat meydanlarında hərəkət edən qurğular, avadanlıqlar və ilk növbədə şanlı insanlardır”.

 

Zahid Oruc üç tezis şəklində məsələni şərh edib: “Azərbaycanı müxtəlif təhdid edən daxili qüvvələr, onların xaricə uzantıları və dünya erməniçiliyi bilsinlər, nə qədər ki Azərbaycan ərazisində erməni hərbi birləşmələri var, Azərbaycan Ordusunun da Ermənistanın hansı nöqtələrində olursa-olsun, yerləşməyə hüququ var. Bu mənim subyektiv mövqeyimdir, asimmetrik cavab silsiləsindən söylədiyim birinci tezisdir. İkincisi, nə qədər ki Xankəndi və ətraf üç bölgədə yaşayan ermənilərlə Ermənistan arasında cənab Prezidentin böyük siyasi məharəti ilə 3 il ərzində deyil, 2 il ərzində gerçəkləşən 32 kilometrlik yol mövcuddur, 10 noyabr razılaşmasından irəli gələrək Azərbaycanın Naxçıvana da eyni yol hüququ var. Bunu, hətta güc vasitələri ilə də reallaşdırması Azərbaycanın beynəlxalq hüququ, imkanları çərçivəsindədir. Üçüncüsü, nə qədər ki, Azərbaycan ərazisində Qarabağ adı ilə “status” və ya ərazi iddiası olacaq, cənab Prezidentin bundan əvvəlki çıxışlarında da söylədiyi kimi, bizim də eynilə tarixi torpaq iddialarımız öz qüvvəsində qalacaq. Savaşı Ermənistanın içərisinə keçirmək, Ermənitanın da Qarabağını yaratmaq kimi bir fəaliyyət meydana çıxacaq. 13 sentyabr tarixində Paşinyanın parlamentdə canlı yayımda “Azərbaycan sərhəd xəttini tanımırsa, o demək deyil ki, Sovet dövrünün xəritəsini ləğv edirik və  Qarabağı da öz tərkibimizdə tanımırıq” deməklə sanki millətimizə Paşinyan tərəfindən bir-bir sual ünvanlandı. Son iki ildə ilk dəfədir ki, zərbələrdən sonra bunlar onun dilinə gəlmişdi. Cənab Prezidentin cavabı söyləndi. Çarizm dövrünün də, Cümhuriyyət zamanının da, Sovet illərinin də xəritələri ortadadır. Buyurub onu göstərsinlər. İstəmirlərsə ki, Azərbaycan Ordusu sərhəd xəttini çəksin, buyurub sülh və dialoq yolu ilə bunu etsinlər. Bizim məramımız bölgədə sülhdür. Azərbaycan xalqı sülh istəyir, lakin ədalətli, gerçək haqqımızı, Konstitusiyamızı, suverenliyimizi təmin edən, layiqli, ləyaqətli sülh. Ona görə də cənab Prezidentin Laçın səfəri bizim anlamımızda Zəfər hərəkatımızın, 44 günlük savaşın və son günlər baş verən toqquşmadan sonrakı zəfərin davamı, onun dünyaya yayımı idi”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2022, 19:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin