“Biz sivil, dünyəvi dövlətik. İran isə dini dövlətdir. Təbii ki, orada dini qadağaları “əxlaq polisi” qoruyur. Bizdə isə dünyəvi dövlətin tələblərinə uyğun kimisə məcbur etmək olmaz ki, başını ört, dinə bu cür itaət et və s. Mütləq deyil ki, Azərbaycanda da “əxlaq polisi” İrandakı kimi olsun. İranda əxlaq polisinin yaradılması etirazlar doğurdu, Azərbaycanda da eyni vəziyyət yarada bilər. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin iclasında “mənəviyyat komissiyası” və “əxlaq polisi”nin yaradılması ilə bağlı təklif vermişdim. Açıq desəm, indiki vəziyyətdə bunu mümkün hesab edə bilmirəm. “Əxlaq polisi”nin yaradılmasına qarşı indi müqavimtə böyükdür, hər tərəfdən kəskin tənqidlərə səbəb olacaq. Biz, sadəcə, olaraq 1990-cı illərdə mənəviyyatımızın qorunmasını istəyirdik. Sovet dövründə kommunizmin əxlaq kodeksi var idi. Hamının bir nəfərə, bir nəfərin hamıya xidməti, mənəvi kriteriyaların qorunması, çap məhsullarında, tele-radio verilişlərində mənəvi amillərin, əxlaqın yüksək tutulması nəzərdə tutulurdu. Sovet dövləti dağılan kimi bunun qarşısını kəsəcək hansısa senzura olmadı. Ona görə də çox narahat idik. Narahatlığımız əbəs olmadı. Həyat sübut etdi ki, biz haqlı idik. Amma o vaxt təklifimizi qəbul etmədilər”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda “əxlaq polisi”nin yaradılması ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.