BURADA REKLAMINIZ OLA
BİLƏR

Vidadi Muradovun 30 milyonluq əmlakının üzərindən həbs götürüləcək?

Ali Məhkəmədə "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisinin kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 28-nə təyin edilib.


Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.


Vidadi Muradovun hüquqi varisinin şikayət ərizəsində sabiq sədr barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və 30 milyon manatlıq əmlakı üzərindən həbsin götürülməsi istənilib.


Xatırlatma: "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.


Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.


Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, Vidadi Muradovun özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakları dövlət nəfinə müsadirə olunub.


Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlayıb.

 

Kamal Məmmədov 

Tarix: 26 Sentyabr 2022, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin