Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Pravda.az xəbər verir ki, bu tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min aylıq sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, 2 minə yaxın şəxsə sığorta ödənişi edilib.
Ötən dövrdə olduğu kimi, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması təmin edilib. 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 15 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.