BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dünyada belə bir əllamə hakimiyyət görməmişəm ki, sözdə bir cür, əməldə başqa cür olsun" - Baba Vəziroğlu

“Hər şeyi öncədən görüb demək mümkün deyil, amma İrandakı hadisələr Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin təbiri ilə desəm gözlənilən idi...”

 

Bu sözləri Əməkdar elm xadimi, şair Baba Vəziroğlu deyib. İranda baş verən iğtişaşlardan danışan şair İranda gec-tez rejim dəyişikliyinin olacağını bildirib:

 

“Bir az tez, bir az gec bu hadisələr olacaqdı, çünki 1979-cu ildə guya İran inqilabı baş verdi, bizim Xomeyni adlandırdığımız İranın ali dini rəhbəri Fransada Qərbin də dəstəyi ilə bordanıb yetişdirilib xüsusi təyyarədə İrana göndərildi. İran hadisələri məhz oradan başladı. Çünki İran şah dövründə idi, inkişaf edirdi, onların azərbaycanlılara qarşı da münasibəti yaxşı idi, şahın xanımı Fərəh Pəhləvi azərbaycanlı idi. Şah onu ilk dəfə İran taxt-tacında Şah-Banu, yəni kraliça elan etdi. İranın sürətlə inkişafını, avropalaşmasını, sivil dünya ölkələri sırasına qoşulmasını Qərb həzm edə bilmədi. Çünki İran qüdrətli bir dövlətdir, min illərlə dövlətçilik tarixi var. Buna görə də qərbin əli ilə “İslam inqilabı”nı yaratdılar. Bu zor üstündə qurulmuş taxt-tacdır və gec-tez dağılmalı idi, hələ təəccüb edirəm ki, 40 ildən çoxdur bu hakimiyyət necə qalıb, 40 il bu cür əldəqayırma hakimiyyət üçün uzun müddətdir”.

 

Onun sözlərinə görə, İran hakimiyyəti insanlar arasında irqi, milli ayrıseçkilik yaradıb və İslamı parçalayıb:

 

“İndiki etirazlar İran xalqının öz iradəsidir, onlar özləri bu etirazı edirlər, 43 il bu milli, irqi, hətta dini ayrıseçkiliyə dözüblər. İranın hazırkı rejimi İslamın parçalanmasına xidmət edib. Onlar özlərini şiə elan edib digər təriqətləri özlərinə düşmən biliblər. Bu məmləkətin bu gün, ya sabah dağılacağı şəksizdir. Amma hadisələrin sonunun necə olacağı Allahın işidir. Dünyada Allahdan, dindən, insanlıqdan uzaq bir məmləkət varsa, o da İrandır. Mən dünyada belə bir əllamə hakimiyyət görməmişəm ki, sözdə bir cür, əməldə başqa cür olsun, minbərdə bir söz deyib, arxada min cür oyundan çıxsın. Bəlkə də bu hakimiyyətin sonu çatıb, bəlkə də hələ yox, amma gec-tez çatacaq. Bu cür müasir dünyada belə qədim məmləkət bu şəkildə qala bilməz”.

 

Şair İran hakimiyyətini riyakar adlandırıb:

 

“Əhalisinin yarısından çoxu türk olan bir yerdə türk dilinin, türk etnosunun bu qədər sıxışdırıldığı, qılınc altında saxladığı bir rejim çox yaşaya bilməz. Orada hakimiyyətdə hər zaman türklər olub, amma imperiyaya xidmət ediblər. Xamneyi özü də türkdür, Mirzə İbrahimovun, Mirzə Fətəli  Axundovun kəndindən - Xamnədəndir. Türklər həmişə İranda flaqman olublar. Bu dəfə də etirazlarda türklər öndədirlər, hakimiyyətə, zora qarşı çıxışlar edirlər. Biz istəmərik ki, qonşumuzda iğtişaşlar olsun, İran viran olsun, amma Allah bunu istəyəndən sonra biz kimik ki? Yəqin Allah da görür ki, İran hakimiyyəti nə dinə, nə Allaha tapınır, onların tapındığı saxta qanunları, geydirmə konstitusiyalarıdır. Belə riyakar hakimiyyət hələ yer üzünə gəlməyib. Sovet hökuməti bundan şükürlü idi. Mollalar orada rəhmətlik Arif Quliyevin lətifələrindən də gülməli sözlər danışırlar”./Yenisabah.az

Tarix: 27 Sentyabr 2022, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin