BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Quliyev: “Mətbuat Şurasının İdarə Heyətində hansısa keçmiş, ya indiki məmura yaxın şəxs ola bilər, bu, anormal deyil”

“Kiminsə səsvermədə aldığım 92 səsə və tutduğum 5-ci yerə şübhəsi varsa, Say Komissiyasına müraciət edə bilər. Mətbuat Şurasının İdarə Heyətində təmsilçiliyimə qarşı qurultay nümayəndələrindən əsaslı narazılıq olsaydı, bu qədər səs, yəqin ki, almazdım. Geniş jurnalist ictimaiyyətindən də həlledici səviyyədə özümə neqativ münasibət hələ görməmişəm. Bunu hiss etsəydim, heç namizədliyimi verməzdim…”


Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev deyib.


O bildirib ki, Azərbaycan jurnalistlərinin 8-ci qurultayı barədə rəylər müxtəlifdir:


“Obyektiv baxanlar da var, subyektiv baxanlar da. Razıyam ki, heç kimin mövqeyi ideal deyil. Bu qurultay bütün əvvəlkilərdən nisbətən açıq, sərbəst və tənqidi ruhda keçdi. İştirak etdiyim jurnalist qurultaylarında ilk dəfə idi ki, TK-nın təklif etdiyi Say Komissiyasının sayı və tərkibi yerdən təkliflərlə dəyişdirildi. Əgər kimsə Say Komissiyası, ya digər komissiyaların tərkibinin 100 faiz dəyişdirilməsini zəruri sayırdısa, mən buna izah verə bilmirəm. Çünki praktikada belə şey olmur”.


A.Quliyev deyib ki, 23 nəfərlik İdarə Heyətinin 11 nəfəri yeni şəxslərdir:


“Bu, bütün heyətin az qala yarısı deməkdir. Səmimi deyim ki, mən son on illərdə Azərbaycanda hansısa seçkili rəsmi, ya qeyri-rəsmi orqanın tərkibində bir dəfəyə bu miqdarda yenilənmə görmədim. Kiməsə səs verilməsinin, guya, tələb edilməsi çox qərəzli fikirdir”.


O, MŞ-in İdarə Heyətinin üzvləri arasında Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova yaxın adamların olduğu ilə bağlı söyləntilərə də münasibət bildirib:


“23 üzvün sırasında hansısa keçmiş, ya indiki məmura, deputata yaxın şəxs və ya şəxslər ola bilər. Bu, anormal deyil. Yaxşı olar ki, kiminləsə yaxınlığı və ya kiminsə adamı olması narazılıq doğurmuş üzvlərin adı çəkilsin. Keçmiş məmurlardan kiminsə adamı olduğu deyilən kimlərsə İdarə Heyətinin tərkibində yenə varsa, bu, o deməkdir ki, həmin şəxs əslində kiminsə yox, öz qabiliyyətinin, öz şəxsiyyətinin adamı olduğunu sübut etdi. Bu, çox yaxşı haldır. Hər halda keçmişdə vurulmuş, ya sadəcə çıxarılmış hansısa məmurun indi də hansısa seçki prosesini idarə etdiyini iddia etmək lap ağ olardı. Ancaq razıyam ki, qutultayın təşkilatçılığında müəyyən şeyləri bir qədər fərqli və təkmil etmək olardı”.


Aytəkin Qardaşova

Tarix: 27 Sentyabr 2022, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin