Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.
Pravda.az xəbər verir ki, Forumun keçirilməsinin əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasını, dövrün tələblərinə uyğun təşkil edilməsini, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir.
Forumda çıxış edən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc beyin mərkəzlərinin vahid platformasının yaradılmasını təklif edib. O bildirib ki, belə bir platforma beyin mərkəzlərinin, ekspertlərin daha yaxşı əməkdaşlıq etməsinə imkan yarada bilər. O, çıxışında Azərbaycandakı beyin mərkəzlərinin xarici beyin mərkəzləri ilə sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Forumda səfir, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru Alev Kılıç da çıxış edib. O çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. Alev Kılıç bildirib ki, Ermənistan tərəfi sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı məsələlərdən yayınır, normallaşma istiqamətində işləri təxirə salır. Səfir Kılıç regionda normallaşma prosesində regional aktorların rolunu, həmçinin vətəndaş cəmiyyətinin rolunu vurğulayıb.