Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. 4 məsələdən ibarət gündəlik təsdiq edildikdən sonra birinci məsələnin müzakirəsi başlanıb.
Musa Quliyev müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı qısa məlumat verib. Qanun layihəsini pensiya islahatlarının davamı kimi xarakterizə edən komitə sədri qeyd edib ki, təklif olunan dəyişikliklər əsasən pensiya artımlarının vahid indeksasiyası metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətləri üzrə hüquqi bazanın yaradılmasını özündə ehtiva edir.
Layihənin pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiyaların inflyasiyanın mənfi təsirlərindən qorunmasına xidmət etdiyi vurğulanıb. Təklif olunan vahid indeksasiya metoduna keçidlə bağlı dəyişikliklərə əsasən, bütün növ əmək pensiyalarının məbləğləri hər il vahid qaydada indeksləşdirilərək artırılacaq, eyni zamanda pensiya sahəsində tam elektronlaşdırma mümkün olacaq.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qanun layihəsi haqqında arayış verərək təklif olunan dəyişikliklərin uzunmüddətli dövr üzrə pensiya sisteminin maliyyə dayanıqlığının artırılmasına xidmət etməsindən danışıb, xüsusi şərtlərlə pensiya alan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi mexanizmlərinin tətbiqinin üstünlüklərindən bəhs edib, həmçinin elektronlaşmanın genişləndirilməsi üçün yaratdığı imkanları diqqətə çatdırıb.
İclasda gündəliyin ikinci və üçüncü məsələləri ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) beynəlxalq konvensiyalara, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin, eləcə də BƏT-in tövsiyələrinə uyğun olmasını qeyd edərək dəyişikliklərə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204-ə qədər endirildiyini bildirib. Eyni zamanda, qadağan edilən bu peşə (vəzifə) və iş yerlərinin bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara aid olacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, nəticədə, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha da yaxınlaşması təmin ediləcək.