Sosial şəbəkələrin ən təhlükəli tərəflərindən biri də burada insanların mənəvi terrora məruz qalmasıdır, demədiyi sözlərin adlarından paylaşılmasıdır.
Xüsusən son zamanların belə hadisələrin daha çox şahidi oluruq, daha çox deputatlar, məmurlar, jurnalistlər belə hücumlara məruz qalır. Belə ki, “Facebook”da nüfuzlu adamların adından ortaya saxta bir açıqlama buraxılır və insanlar bu məlumatın doğru olub-olmadığını bilmədən o şəxsi şərhlərdə təhqir etməyə, söyməyə başlayır.
Bu həm də dünyada informasiya müharibəsinin ən qəddar üsullarından biri kimi səciyyələndirilir. Bu üsulla cəmiyyətin dəyərləri, dili, dini, görkəmli şəxsiyyətləri gözdən salınır, insanların beyninə şüuraltı şəkildə “hər kəs saxtakardır, hər şey yalandır, heç bir dəyər yoxdur” fikirləri təlqin edilir.
Və bu informasiya terrorun ən pis tərəfi odur ki, insan özünü müdafiə etməyə çalışanda da heç kim ona inanmır, “fake news”un “feyk” olduğunu heç kimə sübut edə bilmirsən. Dünyada aparılan araşdırmalar onu göstərir ki, ilk yayılan saxta xəbərə inananların sayı 80 faizdir, cəmi 20 faiz insan sonradan nəyisə araşdırır və ya həqiqəti axtarır.
İnsanların adından demədiyi sözü yazaraq, paylaşmaq elə bir təhlükəli üsuldur ki, bundan heç kim siğortalanmayıb və hər birimizin başına gələ bilər.
Burada mütləq onu demək lazımdır ki, bu tipli məlumatları hazırlayan və yayan insanlar özləri üçün cəzasızlıq mühitinin olmasından əmindirlər. Yəni, həmin saxta məlumata görə cəzasız qalacaqlarını bilirlər.
Buna görə də həmin şəxslərə jurnalistikanın etik davranışlarından və hüquqdan danışmaq yersizdir.
Çünki onlar bunu şüurlu şəkildə edirlər və insanların zəif nöqtəsini bildikləri üçün belə dezinformasiyalar paylaşaraq sevmədikləri şəxsləri terrora məruz qoyub, “öldürürlər”.
Bəs çıxış yolu nədir?
“Fake news” və dezinformasiyalar qlobal dünyanın da problemi olduğu üçün çıxış yolu kimi bir çox ölkə “xəbər doğrulama” sistemləri yaradıb. Türkiyədə “teyit.org” saytı, ABŞ-da isə “snopes.com” bu işlərlə məşğuldur.