Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "əmək pensiyaları haqqında" qanununa dəyişikliklər təklif edilir. Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub. Bəs artımlar hansı mexanizm əsasında həyata keçiriləcək?
Yeni ildən ölkəmizdə bütün növ pensiyalarda artımın olması gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı təkliflər hazırlayıb. Nazirliyin şöbə müdiri Elnur Abbasovun sözlərinə görə, layihəyə əsasən bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun məbləğin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur.
Xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Elnur Abbasovun sözlərinə görə gələn il yanvarın 1-dən indeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil edilə biləcək. Bununla da vahid metoda keçid təmin olunacaq.