BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri şəhid qardaşına birotaqlı ev verilməsi barədə: “Nazirlərin sürücülərinin sürücüləri o evlərdə yaşamazlar”

“Bu məsələ əslində çoxdan aktualdır. Artıq iki ilə yaxındır ki, şəhid ailələri, onların statusu, maddi və sosial təminatı kimi məsələlər gündəmimizdədir. Zaman-zaman bu məsələləri müxtəlif aspektlərdən qaldırmışıq, problemləri gündəmə gətirmişik. Çalışmışıq ki, dövlət bu problemlərin varlığından xəbərdar olsun, bu istiqamətdə hər hansı addımlar atsın. Təəssüf ki, bir çox hallarda müxtəlif bəhanələr tapılıb, müxtəlif sözlərin, maddələrin, qanunların arxasında gizlənilib. Vətən Müharibəsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də şəhid ailələrinin, qazilərimizin narazılıqları var. “SOS” uşaq evində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşına birotaqlı ev verilməsi məsələsi yenidən iki məsələni gündəmə gətirir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O, bildirib ki, birinici məsələ şəhid ailəsi statusu ilə bağlı qanunvericilikdəki boşluqlardır: “İkincisi, şəhid ailələrinin evlə təmin olunması məsələsidir. Birinici məsələni biz rus əsilli şəhidimizlə bağlı yaşadıq. Onun da bacısı var idi, ata-anası, həyat yoldaşı, övladları olmadığı üçün bacısına şəhid ailəsi statusu vermədilər, o da ev ala bilmədi. Sonradan başqa ”sosial yardım” adı ilə ona yardımlar olundu. Halbuki şəhidimiz bacısı ilə yaşayırdı, ailəsi o idi. İndi də Səbuhi Əhmədov. O da qardaşı Sənan Əhmədovla yaşayırdı, ailəsi o idi. Bu adam uşaq sığınacağında yaşayıb, “ailə” dediyi isə öz qardaşıdır. Lakin qanunvericilik Sənanı qardaş kimi tanımır”.

 

T.Abbaslı deyib ki, hər dəfə belə məsələlər qalxanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunun arxasında gizlənir: “Amma burda heç bir qəliz məsələ yoxdur. Nazirlik il ərzində dəfələrlə müxtəlif dəyişikliklərlə bağlı parlamentə müraciət edib. Məsələn, bu günlərdə pensiyaların hesablanması ilə bağlı qanuna dəyişikliklər edilməsi barədə müraciət edib. Sual vermək istəyirəm: Bəs ƏƏSMN niyə bu iki il ərzində yaranmış şəhid ailələri statusu məsələsi ilə bağlı parlamentə qanun layihəsi təqdim etməyib? Şəhid yetim olarsa, ata-anası, övladı olmasa, tək bacısı olarsa, yaxud nigahdankənar övladı olarsa və s. kimi varislik məsələləri ilə bağlı niyə parlamentə müraciət etməyib? Şəhid varisliyi məsələsinə yenidən baxılmalıdır. Nazirlik, təəssüf ki, bunda maraqlı görünmür. Ona görə də zaman-zaman cəmiyyətimizi silkələyən belə məsələlər ortaya çıxır. Burda səmimiyyət, istək görmürəm. ƏƏSMN-in istəyi olsa, bu məsələləri çox gözəl şəkildə təsnifləşdirib parlamentə təklif kimi verə bilər. Ən çətin məsələ 125 deputatın səsvermə kartlarını həmin aparata salmalarıdır, vəssalam. Burda qəliz nə var ki? Guya qanunda belə yazılıb, nə bilim, şəhid ailəsi sayılmaır-filan. Bir səsvermə ilə hamısını düzəltmək olar”.

 

Partiya sədri vurğulayıb ki, şəhid ailələrinin evlə təmin olunmaları məsələsində də xeyli problemlər, ayrıseçkiliklər var: “Məsələn, rayonlarda yaşayan şəhidlərin ailələrinə, ümumiyyətlə, evlər təklif olunmur. Yaxud da şəhidin həm anası, hə həyat yoldaşı var, hər ikisi də şəhid ailəsi statusu daşıyır. Bir yerdə deyil, ayrı yaşayırlar, ya da hər ikisi kirayədə yaşayır. Dövlət isə bu iki ailəyə bir ev təklif edir. Ata-anaya, gəlinə, uşaqlara ümumilikdə bir ev. O da ən yaxşı halda üç otaq. Bu da məntiqli deyil. Əgər status hər ikisinə verilibsə, ev də hər iki tərəfə təklif olunmalıdır. Guya nə qədər ev lazımdır ki? Guya bilmirik ki, bu tikilən yeni mənzillərdə qeyri-qanuni olaraq hansı icra hakimiyyəti orqanlarına, nazirliklərə qeyri-rəsmi hər 10 evdən neçəsi verilir? Maraqlısı budur ki, şəhid ailələrinə yalnız və yalnız məcburi köçkünlər üçün tikilmiş evlərdən təklif olunur. Niyə? Şəhid ailəsi ancaq eyni xüsusi təyinatlı evlərdəmi məskunlaşmalıdır? Niyə normal binalardan ev təklif olunmur? İnsanların içinə qarışmaları, adaptasiya olmaları lazımdır. Şəhid ailələrini bir binaya yığıb onları daha da psixoloji gərgin vəziyyətdə saxlamaqdansa, müxtəlif evlərdə insanların arasında adaptasiya prosesini rahatlaşdırmaq olar”.

 

T.Abbaslı əlavə edib ki, şəhid ailələrinə birotaqlı, ikiotaqlı evlər təklif olunur: “Bu, biabırçılıqdır. Dörd-beş nəfərlik ailəyə ikiotaqlı mənzil təklif olunur. Bu, nə deməkdir? Bir ana və övladları bir qonaq otağı, zala necə yerləşəcək? Yaxud da iki-üç nəfərlik ailəyə bir otaq təklif olunur. Birotaqlı anlayışı, ümumiyyətlə, yığışdırılmalıdır. Bir otaq ev ev deyil. Bir otaqda həm çarpayı, həm yemək stolu qoyulur. Ora həm qonaq qəbul olunan yerdir, həm yatılan yer... Bu, məntiqsizdir axı. Bundansa, ev verməməkləri daha yaxşıdır. Düşünürəm, bunu da tənzimləmək olar. Şəhid ailələrinə təklif olunan evlər minimum üçotaqlı mənzildən başlamalıdır. Üç otağın onsuz da biri qonaq otağı olur, biri şəhidin həyat yoldaşı, biri də övladları üçün. Minimumu budur. Bunu da verməyəcəksənsə, vermə, ay qardaş” Qoy insanlar bilsinlər ki, kirayədə normal yaşayırlar. Ev vermək xatirinə ev verməzlər. Bu nazirlərin özlərinin sürücüləri, hətta sürücülərinin sürücüləri o evlərdə yaşamazlar. Bu məsələləri bir daha gündəmə gətiririk ki, geniş şərhə, izaha və dəyişikliyə ehtiyacı var”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Sentyabr 2022, 16:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin