Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Müşfiq Abbasovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib.
Bildirilib ki, M.Abbasov zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad olunub. M.Abbasova Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 il 1 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Qeyd: M.Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir.
İttihama görə, M.Abbasov 12 iyun 2014 tarixindən 11 sentyabr 2017 ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. M.Abbasov məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib, hökm dəyişdirilib.