BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Əylisli: “Bəyənmədikləri “Daş yuxular”ı bir də oxusunlar”

Yazıçı Əkrəm Əylisli ötən gün IV Milli Kitab Sərgisi çərçivəsində imza saatının təşkil edilməsinə görə səslənən tənqidlərə münasibət bildirib.

 

Ə.Əylisli Pravda.az-a müsahibəsində əvvəlcə imza günü ilə bağlı təəssüratlarını bölüşüb.

 

“Bilirsiniz, çoxdandır, oxucularımla, yazıçılarla, jurnalistlərlə görüşmürdüm. Mənim üçün həddən ziyadə xoş oldu. Orda elə mehriban simalar gördüm, dost adamlar, yazılarımdan xəbəri olan insanlar gəlmişdilər, olduqca xoş təəssürat bağışladı”, - o deyib.

 

Yazıçı “görüşün bu cür xoş keçəcəyini gözləyirdinizmi?” sualına isə belə cavab verib: “Sözün açığını deyim, bu barədə fikirləşməmişdim. Amma bilirdim ki, hər halda görüş xoş keçəcək. Çünki haqqımda bəzən elə sözlər eşidirəm, görürəm, bəziləri hələ yeni kəşf edir. Mətbuatla, saytlarlarla da tanışam. Mənim üçün çox gözlənilməz bir şey olmadı. Amma istiqanlı, yaxşı mühit mənim üçün hardasa az gözlənilən idi. Hər halda buna sevindim ki, Azərbaycanda ədəbiyyatla maraqlanan, hələ də ədəbiyyat havası ilə yaşayan insanlar var. Ədəbiyyat insanları saflaşdıran şeydir. Ona görə də insanları ədəbiyyat ətrafında görəndə, əlbəttə, adam fərəhlənir”.

 

Ə.Əylisli haqqında tənqidi fikirlər səsləndirənlərə, imza gününün keçirilməsinə narazılıq edənlərə də münasibət bildirib: “Həmin insanlara demək istəyirəm ki, məni yaxından oxusunlar. Çalışsınlar əsərlərimlə tanış olsunlar. Lap o bəyənmədikləri əsərimi - “Daş yuxular”ı da bir də diqqətlə oxusunlar. Görsünlər ki, bu əsər hansı ağrıdan, arzudan, hansı niyyətdən yaranıb. Gərək, dəqiq araşdırmağa çalışsınlar. Mənim onlara nifrətim yoxdur. Onların mənə nifrəti varsa, qoy bu barədə fikirləşsinlər”.

 

Yazıçı koronavirusdan sonra səhhətində yaranan problemlərdən də danışıb: “Düzünü desəm, “qocafəndi” yaşayıram. Bizim tərəfdə belə deyirlər. Ağrılarım da olur, narahatlıqlar da… Hər halda yaş da öz sözünü deyir. Həmişə Bakıdayam. Bilirsiniz ki, Bakıdan çıxmağıma qadağa qoyulub. Ən xoşa gəlməyən şey də budur. Ona görə də neçə illərdir ki, Bakıdan ayağımı qırağa qoya bilmirəm…”

 

Aytəkin Qardaşova

Tarix: 30 Sentyabr 2022, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin